Sahibə Qafarova Asiya Parlament Assambleyasının 16-cı plenar sessiyasında çıxış edib

Bəhreyn Krallığında rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının (APA) 16-cı plenar sessiyasında çıxış edib.

SİA-nın məlumatına görə, sədr çıxışında bildirib ki, bu il APA-nın yaradılmasının 20-ci ildönümünün qeyd edildiyi bir məqamda Assambleya artıq konstruktiv dialoq və həmrəylik üçün mühüm çoxtərəfli təsisata çevrilib.

Son iki ildə görülən işlər barədə məlumat verən spiker Sahibə Qafarova Azərbaycanın sədrliyi dövründə təşkilatın tərkibinin genişləndiyini qeyd edib.

Sahibə Qafarova Azərbaycanın sədrliyi dövründə institusional inkişaf məsələlərinə xüsusi diqqət yetirildiyini, Büro iclaslarının yenidən keçirilməyə başlandığını və onların Daimi Komitələrin iclasları çərçivəsində keçirildiyini diqqətə çatdırıb:

"Azərbaycanın sədrliyi dövründə APA-nın parlament diplomatiyasında rolunun və beynəlxalq müstəvidə nüfuzunun artırılması məsələlərinə də xüsusi diqqət yetirilib".

O, APA ilə digər parlamentlərarası təşkilatlar arasında əməkdaşlığın inkişafını bu məqsədə çatmaqda təsirli vasitə hesab etdiyini qeyd edib.

Parlamentin spikeri qeyd edib ki, dünyadakı mövcud çətinliklər və münaqişələr fonunda mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun təşviqi artıq seçim deyil, bir zərurətdir:

"Çünki qlobal sülhə və rifaha nail olmaq, ilk növbədə, xalqlar arasında etimad və qarşılıqlı anlaşmanın qurulmasından keçir. Bu mənada Asiya regionu zəngin irsi ilə böyük potensiala malikdir. Regionun müxtəlifliyi ölkələrimiz arasında bölücü xətt kimi deyil, bizi daha da yaxınlaşdıran və dialoqumuzu məzmunlu edən dəyər kimi qəbul edilməlidir".

Bu il Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının əhəmiyyətini vurğulayan parlamentin sədri Sahibə Qafarova, davamlı şəhərsalmanın qlobal inkişafın gündəliyi ilə sıx əlaqəli olduğunu deyib. O, APA-ya üzv olan bütün ölkələri bu Forumda fəal iştirak etməyə dəvət edib.

APA-da sədrlik rəsmi olaraq Bəhreyn Krallığının Nümayəndələr Şurasına təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə