"Davos görüşləri Azərbaycan üçün yeni imkanlar açır" - ŞƏRH EDİLDİ

"Azərbaycan Prezidenti İlham Əliyevin Davosda Ümumdünya İqtisadi Forumu çərçivəsində iştirakı Azərbaycan üçün olduqca böyük əhəmiyyət daşıyır". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Onun sözlərinə görə, çünki cənab Prezident bu forumda Azərbaycanın mövqeyini, gələcək hədəflərini və bu günün prioritetlərini beynəlxalq auditoriyaya birbaşa çatdırmış oldu: "Digər tərəfdən, forum çərçivəsində Prezident İlham Əliyev çoxsaylı görüşlər keçirdi. Bu görüşlər sırasında qlobal şirkət rəhbərləri, beynəlxalq maliyyə dairələrinin nüfuzlu təmsilçiləri, eləcə də dünyanın aparıcı media qurumları ilə təmaslar xüsusi yer tutur. Məhz bu cür görüşlər Azərbaycanın investisiya imkanlarının, enerji və nəqliyyat-logistika potensialının, eləcə də ümumi iqtisadi inkişaf gündəliyinin dünyaya təqdimatı baxımından mühüm rol oynayır.

Ən önəmli məqamlardan biri də ondan ibarətdir ki, Prezident İlham Əliyev Davosda nüfuzlu dövlət liderləri ilə müzakirələr aparıb. Bu müzakirələrdə Azərbaycanın iqtisadi inkişaf prioritetlərinin qlobal çağırışlar və digər dövlətlərin hədəfləri ilə uzlaşdırılması istiqamətində ortaq baxışlar formalaşdırılıb. Bu təmasların yaxın gələcəkdə Azərbaycan üçün əlavə imkanlar yaradacağı şübhəsizdir.

Bununla yanaşı, Prezident İlham Əliyev Davosdan dünyaya bir sıra mühüm mesajlar verdi. Həmin mesajların sırasında Azərbaycanın həm Cənubi Qafqazda, həm də qlobal məkanda sülhün və sabitliyin tərəfdarı olduğunu açıq şəkildə vurğulaması xüsusi yer tutur. Azərbaycan regional sabitliyə töhfə verməklə yanaşı, beynəlxalq miqyasda da sülh gündəliyinə dəstək göstərən və təşəbbüs irəli sürən aktor kimi çıxış etdiyini nümayiş etdirir.

Nəhayət, diqqətçəkən başqa bir məqam da var: cənab Prezident bu Ümumdünya Forumunda Azərbaycana qarşı qərəzli mövqedə dayanan bəzi Qərb siyasi dairələrinə də mesaj göndərərək, bu yanaşmanın dəyişməsinin vacibliyini qeyd etdi. Azərbaycanın beynəlxalq tərəfdaşlıqlarını genişləndirdiyi və qlobal gündəmdə rolunu artırdığı bir dövrdə qarşılıqlı etimada əsaslanan münasibətlər üçün qərəzli mövqelərdən imtinanın zəruri olduğu fikri də bu kontekstdə səsləndi".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə