“Azərbaycanın Davos İqtisadi Forumunda təmsil olunması ölkəmizin artan beynəlxalq nüfuzudur” - ŞƏRH OLUNDU
“Davos İqtisadi Forumu qlobal siyasi və iqtisadi proseslərin əsas istiqamətlərini müəyyən edən nüfuzlu beynəlxalq platformalardan biri olaraq qalır. Mövcud mərhələdə forumun əsas siyasi gündəliyində artıq dörd ilə yaxındır davam edən Rusiya-Ukrayna müharibəsi, eləcə də Qrenlandiya ətrafında formalaşan geosiyasi müzakirələrin ön plana çıxacağı gözlənilir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Aytən Qurbanova bildirib.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın bu mövzularda Avropa liderlərinə ünvanlayacağı mesajlar isə beynəlxalq ictimaiyyət tərəfindən xüsusi maraqla izlənilir:
”Eyni zamanda, Qəzzada nisbi sakitliyin yaranması beynəlxalq gündəmdə yeni mərhələnin başlandığını göstərən mühüm hadisədir. Qarşıdakı dövrdə əsas müzakirə mövzularından birinin bölgənin idarə olunması və yenidən qurulması olacağı istisna edilmir.
Belə mürəkkəb və çoxşaxəli geosiyasi şəraitdə Azərbaycanın Davos İqtisadi Forumunda təmsil olunması və Prezident İlham Əliyevin tədbirdə iştirakı ölkəmizin artan beynəlxalq nüfuzunun bariz təzahürüdür. Şübhəsiz ki, Azərbaycanın enerji təhlükəsizliyinin təminində, regional sabitliyin möhkəmləndirilməsində, eləcə də beynəlxalq nəqliyyat və logistika layihələrinin reallaşdırılmasında oynadığı strateji rol aparıcı qlobal aktorların diqqət mərkəzindədir.
Davos çərçivəsində cənab Prezidentin ABŞ Prezidenti Donald Tramp ilə mümkün təmasları da Azərbaycanın etibarlı tərəfdaş və regional güc kimi qəbul edildiyini açıq şəkildə nümayiş etdirir. Belə yüksək səviyyəli görüşlər Azərbaycanın milli maraqlarının beynəlxalq müstəvidə daha effektiv şəkildə müdafiə olunmasına əlavə imkanlar yaradır.
Forum çərçivəsində diqqət çəkən məqamlardan biri də Ermənistanın Baş naziri Nikol Paşinyanın tədbirdə iştirak etməməsidir. Paşinyanın Davos Forumuna qatılmamasının əsas səbəbləri sırasında daxili siyasi amillər xüsusi yer tutur. Qarşıdan gələn parlament seçkiləri fonunda onun əsas diqqətinin ölkə daxilində siyasi rəqiblərini neytrallaşdırmağa yönəldiyi ehtimal olunur.
Qlobal proseslərdə fəal iştirak edən, milli maraqlarını aydın və ardıcıl strateji xətt üzərində formalaşdıran dövlətlər beynəlxalq nüfuzlarını daha da möhkəmləndirirlər. Azərbaycan isə məhz bu prinsiplər əsasında hərəkət edən ölkə kimi Davos kimi mötəbər platformalarda fəal və prinsipial mövqeyi ilə həm regional liderliyini möhkəmləndirir, həm də qlobal siyasi proseslərdə etibarlı tərəfdaş statusunu daha da gücləndirir”.
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB