Bakı və Abşeron üzrə dövlət proqramı ekoloji, sosial və iqtisadi dayanıqlığı təmin edəcək… -DEPUTAT DANIŞDI

”Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramı strateji baxımdan mühüm əhəmiyyət daşıyır”. Bu sözləri SİA- ya açıqlamasında millət vəkili Nigar Məmmədova bildirib.
Onun sözlərinə görə, bu, ilk növbədə əhalinin fasiləsiz, keyfiyyətli və təhlükəsiz içməli su ilə təminatını gücləndirəcək:

”Eyni zamanda tullantı və yağış sularının düzgün idarə olunması mümkün riskləri azaldacaq.
Ekoloji təhlükəsizliyin təmin edilməsi baxımından da vacib olan proqram Bakı və Abşeronda sənaye zonalarının dayanıqlı formalaşmasına şərait yaradacaq.
Sosial və regional balansın qorunmasına gəlincə, proqram mərkəzlə yanaşı, ətraf qəsəbə və yaşayış məntəqələrinin də əhatə olunmasına imkan verəcək.
Bu Dövlət Proqramı Bakının və Abşeron yarımadasının uzunmüddətli ekoloji, sosial və iqtisadi dayanıqlığını təmin edəcək.
Bu gün dünya əhalisinin 4-də 1-i, yəni 25 ölkə su qıtlığından əziyyət çəkir. 2050-ci ilə qədər iqlim dəyişikliyi və əhali artımı səbəbindən əlavə 1 milyard insan ekstremal su qıtlığı ilə üzləşəcək. Bu isə onu deməyə əsas verir ki, su humanitar problem deyil, milli təhlükəsizlik təhdididir. Su resurslarının çatışmazlığı qlobal problem kimi ölkələr arasında gərginliklərə, hətta münaqişələrə səbəb olur.
Su resurslarının məhdudluğu iqlim dəyişikliyi, əhali artımı və sənaye inkişafı ilə əlaqədardır ki, bu da ölkələr arasındakı rəqabəti artırır. Təsadüfi deyil ki, 2025-ci ildə Hindistanın Pakistanla su müqaviləsini dayandırması yeni müharibəyə səbəb oldu. Afrikada da su münaqişələri iqtisadi inkişafı əngəlləyir. Cənubi Qafqazda su ehtiyatlarının bölgüsünə görə ən aşağı göstərici Azərbaycanda olduğundan, ölkəmizdə su strateji məsələ kimi hər zaman dövlətin diqqətindədir.
Ötən gün keçirilən müşavirədə də dövlət başçımız qeyd etdi ki, “Su mənbələri hər bir ölkə üçün çox önəmlidir. Bizim su mənbələrinin təqribən dörddəbir hissəsi vaxtilə işğal altında olmuş ərazilərdə formalaşır. Bu su mənbələrinin üstünlüyü də odur ki, bunların əksəriyyəti Azərbaycan ərazisində formalaşır. Yəni başqa ölkələrdən asılılıq ərazilərimizin qaytarılması nəticəsində böyük dərəcədə azalıb”.
Son 20 il ərzində potensialı 500 mln.kubmetrdən çox olan 4 böyük su anbarının inşası bu sahədəki problemlərin həllinə imkan verib. Cənab Prezidentin də qeyd etdiyi kimi, xüsusilə “Taxtakörpü” və “Şəmkirçay” su anbarları tikilməsəydi, bu gün həm Bakının, həm də qərb zonasının su təchizatı böyük problemlərlə üzləşə bilərdi.
Bu xüsusda ölkə başçısının göstərişi ilə hazırlanan və 2035-ci ilə qədər icra olunacaq genişmiqyaslı Dövlət Proqramı su təsərrüfatı sahəsində uzunmüddətli dayanıqlılığın təmin edilməsinə töhfə verəcək”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə