“ABŞ-nin regional siyasətində taktiki dəyişikliklərin baş verməsi istisna edilmir“ - ŞƏRH OLUNDU
“Donald Tramp administrasiyası dövründə ABŞ-nin regional siyasətinin təhlili göstərir ki, Vaşinqton ənənəvi birbaşa hərbi və siyasi müdaxilə modelindən tədricən uzaqlaşaraq daha seçici, praqmatik və tərəfdaşlığa əsaslanan yanaşmaya üstünlük verir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Polad Mehdiyev bildirib.
Onun sözlərinə görə, bu yanaşmanın mahiyyəti risklərin bölüşdürülməsi, məsuliyyətin isə regional aktorların üzərinə ötürülməsi ilə xarakterizə olunur. Məhz bu kontekstdə 2026-cı ildən sonrakı mərhələdə ABŞ-nin Avrasiya, Yaxın Şərq və Cənubi Qafqazda mövqe dərinliyini kəskin şəkildə artırmasındansa, təsir imkanlarını dolayı mexanizmlər vasitəsilə qorumağa çalışması daha real ssenari kimi qiymətləndirilir.
ABŞ-nin Avrasiya siyasətində əsas prioritetin Çinin yüksələn qlobal və regional təsirinin qarşısının alınması olduğu aydın görünür. Rusiya isə Vaşinqtonun strateji baxışında daha çox məhdudlaşdırma və nəzarət çərçivəsində saxlanılan aktor kimi çıxış edir. Bu, ABŞ-ın resurslarını bir neçə cəbhədə eyni anda genişmiqyaslı şəkildə səfərbər etməkdən çəkinməsi ilə izah olunur. Beləliklə, Avrasiya məkanında ABŞ-ın siyasəti birbaşa qarşıdurmadan daha çox balanslaşdırma və çəkindirmə mexanizmlərinə söykənir.
Yaxın Şərqdə isə ABŞ-ın yanaşması əvvəlki dövrlərlə müqayisədə əhəmiyyətli dərəcədə dəyişib. Vaşinqton artıq regionda “hər yerdə və hər zaman” mövcud olma strategiyasından imtina edərək konkret və ölçülə bilən maraqlara fokuslanır. Bu maraqlar, əsasən, enerji təhlükəsizliyinin təmin olunması, İsrailin təhlükəsizliyinin qorunması və İranın regional təsirinin məhdudlaşdırılması ilə əlaqədardır. Nəticə etibarilə, ABŞ Yaxın Şərqdə daha çox selektiv və funksional iştirak modelini tətbiq edir.
Cənubi Qafqaz ABŞ üçün mühüm geosiyasi əhəmiyyət daşısa da, bu regionda Vaşinqtonun rolu birbaşa dominant aktordan daha çox balanslaşdırıcı və təsir göstərən tərəf kimi formalaşır. Bu kontekstdə Azərbaycan xüsusi strateji əhəmiyyətə malikdir. Regional güc balansında real təsir imkanlarına, siyasi sabitliyə və müstəqil qərarvermə qabiliyyətinə malik nadir dövlətlərdən biri kimi Azərbaycan ABŞ üçün rasional və etibarlı tərəfdaş qismində çıxış edir. Prezident İlham Əliyevin həyata keçirdiyi balanslı və çoxşaxəli xarici siyasət kursu Azərbaycanın nə Vaşinqtondan, nə də digər qlobal güc mərkəzlərindən asılı vəziyyətə düşməsinin qarşısını alır.
ABŞ-ın regional siyasətində müəyyən taktiki dəyişikliklərin baş verməsi istisna edilmir. Lakin bu dəyişikliklər Azərbaycanın strateji mövqeyini zəiflətməkdən daha çox, onun manevr imkanlarını genişləndirir. Güclü dövlətçilik ənənələri, suveren qərarvermə mexanizmləri və regional liderlik xətti Azərbaycanın həm ABŞ-la, həm də digər qlobal aktorlarla münasibətlərdə milli maraqlarını qoruyaraq əməkdaşlıq etməsinə əlverişli zəmin yaradır”.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB