Bakıda “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilib - YENİLƏNİB 3 - FOTOLAR
Yanvarın 8-də Bakıda, “Gülüstan” sarayında Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilib.
SİA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış etdi.
- Hörmətli xanımlar və cənablar.
Hörmətli qonaqlar.
Sizin hamınızı ürəkdən salamlayıram. Bu gün ölkəmizin həyatında əlamətdar bir gündür. “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının istismara verilməsini qeyd edirik. Bu, çox önəmli hadisədir. Ölkəmizin enerji potensialını gücləndirəcək stansiya bu gün artıq fəaliyyətə başlayır. Əminəm ki, 240 meqavat gücündə stansiya ölkəmizin ümumi inkişafına öz töhfəsini verəcəkdir.
Mən yaxşı xatırlayıram ki, düz dörd il bundan əvvəl - 2022-ci ilin yanvar ayında bu salonda bu stansiyanın təməlini qoymuşduq. Bu illər ərzində fəal iş aparılmışdır və bu gün biz bu gözəl hadisəni birlikdə qeyd edirik. İlk növbədə, bu stansiyanın tikintisində əməyi keçmiş bütün insanlara, şirkətlərə təşəkkürümü bildirmək istəyirəm, ilk növbədə, investor olan “ACWA Power” şirkətinə, onun rəhbərliyinə. Bu, “ACWA Power” tərəfindən Azərbaycanda inşa edilmiş birinci bərpaolunan elektrik stansiyasıdır, ancaq sonuncu deyil. Şirkətin daha böyük planları var və Azərbaycan dövləti bu planları tam dəstəkləyir. Onu da bildirməliyəm ki, “ACWA Power” şirkəti bu sahədə dünyada aparıcı şirkətlərdən biridir və eyni zamanda, Azərbaycan qurumları ilə əməkdaşlıq əsasında yeni layihələrin icra edilməsində maraqlıdır. O cümlədən ölkəmizdə ilk dəfə inşa ediləcək Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsini də yenə də bu şirkət investor kimi icra edəcəkdir.
Bu stansiyanın tikintisində baş podratçı kimi iştirak edən “Power China” şirkətinin fəaliyyətini qeyd etməliyəm. Bu şirkət bu layihədə podratçı kimi iştirak edir, ancaq digər layihələrdə, o cümlədən investor kimi iştirak edəcək. Əminəm ki, bu şirkətin nəzərdə tutduğu bütün planları Azərbaycanda həyata keçəcəkdir.
Təbii ki, Azərbaycan energetiklərinin əməyini qiymətləndirməliyəm. Çünki son illər ərzində ölkəmizdə yeni generasiya güclərinin istismara verilməsi həm çox mürəkkəb, həm məsuliyyətli bir prosesdir. O cümlədən bərpaolunan enerji növlərinin böyük həcmdə ümumi enerji sistemimizə inteqrasiya etməsi də, əlbəttə ki, böyük peşəkarlıq tələb edir, böyük vəsait tələb edir. Nəzərə alsaq ki, bundan sonrakı illərdə bərpaolunan enerji stansiyalarının Azərbaycanda tikintisi çox geniş vüsət alacaq, əlbəttə, Azərbaycan energetiklərinin fəaliyyəti daim yüksək səviyyədə olmalıdır. Yəni burada biz çox uğurlu beynəlxalq əməkdaşlıq nümunəsini görürük. Onu da bildirməliyəm ki, bundan sonra bərpaolunan enerji növlərinin yaradılması ilə daha çox xarici investorlar məşğul olacaqlar. Halbuki Azərbaycan şirkətləri də bu məsələyə maraq göstərməyə başlamışlar və artıq bir neçə Günəş elektrik stansiyasının tikintisinə də başlanılmışdır.
Bütövlükdə deyə bilərəm ki, Azərbaycanda enerji sisteminin müasirləşdirilməsi, modernləşdirilməsi, inkişafı son illər ərzində əsas prioritetlərdən biri kimi qəbul edilmişdir. Demək olar ki, son 20 il ərzində bizim enerji sistemimiz, yəni generasiya gücləri, böyük dərəcəli yarımstansiyalar və ötürücü xətlər tamamilə yenilənmişdir.
Son 20 il ərzində ölkəmizdə yaradılmış generasiya gücləri bütün əvvəlki dövrlə müqayisədə təxminən üç dəfə artmışdır. Bu gün bizim generasiya gücümüz təxminən 10 min meqavata bərabərdir. Bu, əgər belə demək mümkündürsə, tarixi rekorddur. Ancaq nəzərə alsaq ki, bundan sonra növbəti illər ərzində bir çox yeni bərpaolunan enerji generasiya gücü yaradılacaq, əlbəttə ki, bu rəqəm daha da artacaq və bizə imkan verəcək ki, həm artan daxili tələbatı lazımi səviyyədə təmin edək, həm də elektrik enerjisini daha böyük həcmdə ixrac edək.
Onu da bildirməliyəm ki, keçən il Mingəçevirdə yeni elektrik stansiyasının açılışını qeyd edərkən bir daha əmin olduq ki, Azərbaycanda bu iki proses, yəni ənənəvi generasiya gücləri və bərpaolunan generasiya gücləri paralel şəkildə aparılmalıdır. Ancaq o təqdirdə biz istədiyimiz nəticəyə nail ola bilərik. Keçən il Mingəçevirdə istismara verilmiş ənənəvi elektrik stansiyasının generasiya gücü təxminən 2000 meqavata bərabərdir və bu gün Azərbaycan enerji təminatı, enerji təhlükəsizliyi nöqteyi-nəzərindən özünü çox rahat hiss edir. Bu yaxınlarda 230 meqavat gücündə Günəş elektrik stansiyası istismara verilmişdir. Bu gün 240 meqavat gücündə külək elektrik stansiyası, işğaldan azad edilmiş ərazilərdə - Cəbrayıl rayonunda hazırda üç Günəş elektrik stansiyası inşa edilir. Bu üç stansiyanın ümumi potensialı 340 meqavatdır.
Bu gün ölkəmizin müxtəlif yerlərində bərpaolunan enerji növləri inkişaf edir. Növbəti böyük stansiyaların açılışı Biləsuvarda, Neftçalada, Naxçıvanda, işğaldan azad edilmiş ərazilərdə nəzərdə tutulur. Bu günə qədər Qaradağ rayonunda açılıb, bu gün Xızı, Abşeron rayonlarında. Yəni Azərbaycanın coğrafi vəziyyəti elədir ki, istənilən bölgədə bərpaolunan enerji növlərini istehsal etmək mümkündür. Mən hələ Xəzər dənizinin potensialını demirəm. Xəzər dənizinin Azərbaycan sektorundakı külək potensialı beynəlxalq qiymətləndirməyə görə, 157 giqavat səviyyəsindədir. Yəni növbəti illərdə artıq bu proses Azərbaycanda geniş vüsət alacaq. Azərbaycan bölgənin çox etibarlı və böyük elektrik generasiya gücünə malik ölkəsi olacaq. Mən buna şübhə etmirəm. Ona görə xarici investorları həm bu sahəyə, həm də böyük həcmdə elektrik enerjisi tələb edən digər sahələrə dəvət edirəm. Xüsusilə süni intellekt, data mərkəzlərinin yaradılması və böyük enerji gücünə tələbat olan digər sahələrə investisiya qoymağa dəvət edirəm. O cümlədən Azərbaycan şirkətlərini də.
Ölkəmizdə gözəl investisiya iqlimi vardır. Biz ölkəmizə 300 milyard dollardan çox xarici sərmayə cəlb edə bilmişik. Bu gün ölkəmizin maliyyə vəziyyəti çox müsbətdir. Mən bu yaxınlarda bu məsələ ilə bağlı geniş danışmışam. Sadəcə olaraq, onu bildirməliyəm ki, bizim bu sahədə apardığımız islahatlar, əldə edilmiş uğurlar dünyanın aparıcı reytinq agentlikləri tərəfindən də qiymətləndirilir. Təsadüfi deyil ki, bu gün bizim kredit reytinqimiz daha da artırılıb, investisiya və müsbət proqnozu olan reytinq səviyyəsinə qaldırılıb.
Bizim xarici borcumuz çox aşağı səviyyədədir, ümumi daxili məhsulumuzun təqribən 6 faizindən bir qədər çoxdur. Valyuta ehtiyatlarımız xarici borcu 16-17 dəfə üstələyir və bu göstəriciyə görə, Azərbaycan dünya miqyasında aparıcı ölkələr sırasındadır. Yəni bütün bu və başqa amillər deməyə əsas verir ki, Azərbaycana qoyulan sərmayə xeyir gətirəcək, mənfəət gətirəcək. Bu gün Azərbaycan sərmayə qoyuluşu üçün çox gözəl bir məkandır. Ölkəmizdə siyasi, iqtisadi və sosial sabitlik hökm sürür. Beş ildir ki, ölkəmiz rəsmən sülh şəraitində yaşayır, ölkəmizdə genişmiqyaslı quruculuq işləri aparılır. Ona görə bugünkü mərasimin timsalında xarici şirkətlərin bizə olan inamını da görürük və bu inam tam əsaslıdır.
Gələcək planlarla bağlı. Nəzərə alsaq ki, bizdə bərpaolunan enerji potensialı çox artacaq, əlbəttə, biz bu enerjini saxlamaq üçün infrastruktur yaratmalıyıq. Bu məqsədlə ölkəmizdə tarixdə ilk dəfə olaraq Batareya Enerji Saxlanc Sistemi də yaradılır. Birinci layihə 250 meqavatlıqdır. Bunu “AzərEnerji” öz vəsaiti hesabına icra edir. Ancaq bizim artan potensialımız tələb edəcək ki, belə Batareya Enerji Saxlanc sistemlərinin sayı daha da çoxalsın və mən xarici investorları da bu işə dəvət edirəm.
Generasiya gücləri ilə bağlı isə təkcə bunu demək kifayətdir ki, imzalanmış kontraktlar əsasında 2030-cu ilə qədər altı, 2032-ci ilə qədər isə, ümumiyyətlə, 8 giqavat gücündə külək və Günəş elektrik stansiyaları inşa ediləcək. Əgər biz su elektrik stansiyalarının potensialını əlavə etsək, bizim potensialımız təbii ki, daha da böyüyəcək. Biz son beş il ərzində Qarabağda və Şərqi Zəngəzurda dövlət vəsaiti hesabına 40-a yaxın kiçik su elektrik stansiyası inşa etmişik. Bu gün onların ümumi potensialı 300 meqavatdan çoxdur.
Azad edilmiş ərazilərin potensial su elektrik stansiyalarının xəritəsi də tərtib edilib və ancaq o bölgədə biz təqribən 500, bəlkə də 600 meqavat gücündə kiçik su elektrik stansiyalarını inşa edəcəyik. Demək olar ki, bunun yarısı artıq hazırdır və bütün ölkə, o cümlədən azad edilmiş ərazilər vahid şəbəkə ilə birləşdirilib və enerji axınının istənilən istiqamətə göndərilməsi, qəbul edilməsi də təmin olunubdur.
Bu gün isə biz bu gözəl hadisəni qeyd etməklə həm görülmüş işlərə bir növ yekun vururuq və ən əsası gələcək planlarla bağlı da öz baxışlarımızı bölüşürük. Çünki yenə də deyirəm, Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması xarici investorlar tərəfindən həyata keçirilən genişmiqyaslı layihələrdir. Bu layihələrə bu günə qədər 100 milyonlarla dollar vəsait qoyulub. Mən bir daha həm xarici, həm yerli investorların fəaliyyətini bu qərara görə qiymətləndirirəm və onlara bir daha deyirəm ki, Azərbaycana sərmayə qoyun. Azərbaycan dövləti xarici sərmayələri daim qoruyur, bizim bir çox neft kontraktlarımız artıq uzun illərdir icra edilir və qəbul edilmiş qərarlarda, kontraktlarda bir dənə də olsun nəinki paraqraf, nəinki maddə, hətta bir söz də dəyişilmir və dəyişilməyəcək. Bu da xarici investorları ölkəmizə cəlb etmək üçün çox vacib bir amildir. Çünki Azərbaycan etibarlı dövlətdir. Sözümüz imzamız qədər dəyərlidir və qanunidir.
Bütövlükdə energetika sahəsində gedən proseslərə nəzər saldıqda görürük ki, bu gün bəlkə də enerji təhlükəsizliyi məsələləri daha qabarıq şəkildə ortaya çıxır. Biz uzun illərdir bu istiqamətdə fəaliyyət göstəririk. Bizim neft ixracımız, qaz ixracımız, neft məhsullarının ixracı, elektrik enerjisinin ixracı, neft-kimya məhsullarının, gübrələrin ixracı bu gün bir çox ölkələr üçün, onların enerji təhlükəsizliyini təmin etmək üçün imkan yaradır. Azərbaycan burada çox məsuliyyətli və etibarlı tərəfdaş kimi özünü göstərir, dünya miqyasında gözəl imic və etibarlı tərəfdaş adı qazanmışdır.
Əziz dostlar, bu gözəl hadisə münasibətilə sizi bir daha təbrik edirəm. Stansiyanın fəaliyyətinə uğurlar arzulayıram. Sağ olun.
x x x
Səudiyyə Ərəbistanı Krallığının energetika nazirinin müavini Nasser Əl-Qahtani çıxış edərək dedi:
-Zati-aliləri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev.
Hörmətli qonaqlar, xanımlar və cənablar.
Zati-aliləri Prezident İlham Əliyevin iştirakı ilə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının bu gün açılışında sizinlə olmaq şərəfdir.
Bərpaolunan enerji sahəsində bu aparıcı layihə Səudiyyə Ərəbistanı Krallığı ilə Azərbaycan Respublikası arasında tərəfdaşlığın gücünü və dərinliyini nümayiş etdirir. Krallıq bunları, bu tərəfdaşlığı xüsusən energetika sahəsində uzunmüddətli strateji münasibətlər kimi görür. Tərəfdaşlığımız daha geniş, sistemli əməkdaşlığa doğru fərdi layihələrin hüdudlarını keçir. Mövcud çərçivə sazişlərində əlavə külək gücləri, o cümlədən elektrik enerji şəbəkəsinin çevikliyini və etibarlığını artırmaq üçün batareyalarda enerji saxlanılması sistemləri əsasında quruda və dənizdə həyata keçiriləcək layihələri nəzərdə tutan uzunmüddətli inkişaf yolu əks olunur. Bu, dayanıqlı energetika sistemlərinin planlaşdırılması və inkişafı sahəsində ümumi öhdəliyimizi göstərir. Əməkdaşlığımız enerji istehsalından əlavə, həmçinin elektrik enerjisinin ötürülməsini, şəbəkənin inteqrasiyasını və kadr hazırlığını əhatə edir. Krallıq enerji stansiyaları sisteminin planlaşdırılması, bərpaolunan enerjinin şəbəkəyə daxil edilməsi və enerjinin ötürülməsi işlərinin inkişafında ekspert biliklərini Azərbaycanla mübadilə etmək üçün ölkənizlə sıx çalışır.
Biz, həmçinin regional enerji təhlükəsizliyini artıra biləcək, təmiz enerjinin daha geniş bazarlara ixracını mümkün edəcək regional interkonnektor təşəbbüsləri, həmçinin yaşıl dəhliz üzrə əməkdaşlıq üçün geniş imkanlar görürük.
Biz, həmçinin gələcək təşəbbüsləri, o cümlədən planlaşdırılan 200 meqavatlıq külək enerjisinin genişləndirilməsi layihəsində enerjinin batareyada tam yığılmasında və nəhayət, regional və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edərək Xəzərdə külək potensialının qiymətləndirilməsində əldə olunmuş irəliləyişi alqışlayırıq. Bu təşəbbüslər güclü tərəfdaşlıq və etibarlı texniki təməl əsasında Azərbaycanı regional təmiz enerji qovşağına çevirməkdə ümumi məqsədimizin təzahürüdür.
Zati-aliləri, “Xızı-Abşeron” Külək Elektrik Stansiyası layihəsi aydın mesaj verir ki, Səudiyyə Ərəbistanı və Azərbaycan nəinki bugünkü enerji layihələrinin icrasında, o cümlədən dayanıqlı enerji sistemlərinin gələcəyində tərəfdaşdırlar. Burada qarşılıqlı etimad, güclü təsisatlar, həmçinin iqtisadi inkişaf, enerji təhlükəsizliyi və ətraf mühit üzrə məsuliyyət sahələrində ümumi öhdəliklər nəzərdə tutulur.
Səudiyyə Ərəbistanı Krallığının Hökuməti adından mən Azərbaycan Respublikasının Hökumətinə, tərəfdaşlarımıza, həmçinin bu layihənin uğurlu olmasına töhfə vermiş bütün şəxslərə dərin təşəkkürümüzü çatdırıram. Biz gələn illərdə bu əməkdaşlığı daha yüksək səviyyədə davam etdirməyi və tərəfdaşlığımızı inkişaf etdirməyi səmimiyyətlə arzulayırıq. Sağ olun.
X X X
Sonra Çin Xalq Respublikasının Azərbaycandakı səfiri xanım Lu Mey çıxış edərək dedi:
-Hörmətli Prezident, Zati-aliləri.
Hörmətli qonaqlar, xanımlar və cənablar, salam, sabahınız xeyir.
240 meqavatlıq “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılışında iştirak etməkdən olduqca məmnunam. Bu, böyük nailiyyətdir və bərpaolunan enerji sektorunda Çin, Azərbaycan və Səudiyyə Ərəbistanının uğurlu əməkdaşlığının bariz nümunəsidir. Mən belə bir mühüm layihənin həyata keçirilməsinə görə Azərbaycandakı Çin səfirliyi adından sizə təbriklərimi çatdırıram. Belə bir mühüm layihənin həyata keçirilməsinə dəstək vermiş bütün dostlara, yorulmadan çalışan və uğurlar qazanan bütün tərəflərə səmimi təşəkkürümü bildirirəm. Burada Çinin "Power China", Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətlərinə minnətdaram ki, onlar bu inanılmaz uğurun qazanılmasında yorulmaz fəaliyyət göstərmişlər. Yaşıl keçid və dayanıqlı inkişaf həm Çin, həm də Azərbaycan üçün prioritetdir. Hər iki tərəf məhz yaşıl və aşağıkarbonlu inkişaf, enerjinin inkişafı sahəsində Anlaşma Memorandumu imzalamışlar. Azərbaycan COP29 tədbirinə uğurla sədrlik etmişdir və o vaxtdan etibarən yaşıl enerji sahəsində inkişafa sadiq qalır. Bu, həmçinin aparıcı qlobal yaşıl enerjinin inkişafında Azərbaycanın çox mühüm rolunu göstərir.
Çin və Azərbaycan bu gün yaxşı dostlar və etibarlı tərəfdaşlardır. İllər boyu müxtəlif sahələrdə aparılan məhsuldar əməkdaşlıq bizim hərtərəfli münasibətlərimizin inkişafına böyük təkan vermişdir və xalqlarımızın faydasına xidmət edir. Prezident İlham Əliyev ötən il Çinə iki dəfə səfər etmişdir və Sədr Si Cinpin ilə hərtərəfli strateji tərəfdaşlığın məhz qurulması ilə bağlı Birgə Bəyannaməyə imza atmışdır. Beləliklə, iki ölkə arasında münasibətlərdə yeni bir səhifə açılmışdır. Məhz Sədr Si Cinpinin və Prezident İlham Əliyevin birgə rəhbərliyi ilə Çin və Azərbaycan əhatəli strateji tərəfdaşlığı inkişaf etdirir. Bu işlər sürətlə gedir. Bu, siyasi qarşılıqlı iradəyə əsaslanır və bizim praqmatik əməkdaşlığımız tarixən ən yüksək səviyyəyə çatmışdır. Məhz ikitərəfli iqtisadi-ticari əməkdaşlığımızın miqyasına gəldikdə, bu gün o davam edir, infrastruktur, yaşıl enerji, rəqəmsal innovasiyalar və maşınqayırma sahələrinə investisiyalar yatırılır. Biz “Bir kəmər, bir yol” layihəsində də çox yüksək səviyyədə əməkdaşlıq edirik. O cümlədən Çin-Avropa dəmir yolu bağlantısı və Trans-Xəzər dəhlizi istiqamətində işlər sürətlə davam edir və burada Azərbaycanın rolu güclənir.
Prezident İlham Əliyevin ilin yekunları ilə bağlı mətbuata verdiyi müsahibəsində qeyd edildiyi kimi, Çin şirkətləri Azərbaycanda bərpaolunan enerjinin inkişafı sahəsində fəaldırlar və Azərbaycan Çin şirkətlərini strateji tərəfdaş kimi seçib. Bu da onların peşəkarlığı, işinin keyfiyyəti və layihənin sürətlə icra olunması ilə bağlıdır. Bu layihə, əslində, Azərbaycanda həyata keçirilən ilk və çox böyük külək elektrik enerjisi layihəsidir. Bir halda ki, bu artıq istismara verilir, deməli, 300 minə yaxın ailə məhz bundan faydalanacaqdır. Bu, Azərbaycanın, həmçinin regionun səmərəli və davamlı inkişafına dəstək olacaqdır.
Yaşıl inkişaf hər zaman Çində müasirləşmənin bir hissəsi olubdur. Biz artıq XV beşillik planımıza başladığımız bir vaxtda Çin yaşıl enerjinin inkişafını prioritetləşdirən məsələlərə xüsusi diqqət yetirir. Çin iqtisadiyyatı qlobal səviyyədə artır və daha dayanıqlı şəkildə inkişaf edir. Çinin elm və texnologiya sahəsində dayanıqlı şəkildə əldə etdiyi nailiyyətlər bu gün qlobal iqtisadiyyata yeni bir güc gətirir. Ən vacibi isə odur ki, Çinin texnoloji innovasiyası inklüzivdir və hamı üçün açıqdır. Buna görə də biz istərdik ki, Çinin inkişaf imkanlarını da sizinlə bölüşək, Azərbaycanla və Səudiyyə Ərəbistanı ilə mübadilə edək.
Yekun olaraq vacib bir məsələni qeyd edim. 2026-cı ili biz “At İli” kimi qeyd edirik. Çin mədəniyyətində bu, uğur deməkdir. Biz bu ildə Azərbaycana da uğur arzu edirik. Bir halda ki, at varsa və həmin ünvana gəlirsə, deməli, o, özü ilə uğur gətirir. İstərdik ki, Azərbaycanda da uğurlar bol olsun.
Çox sağ olun.
x x x
Daha sonra "ACWA Power" şirkətinin təsisçisi və İcraçı direktoru Məhəmməd Əbunəyyan çıxış edərək dedi:
-Zati-aliləri.
Sizin qarşınızda çıxış etməkdən böyük şərəf və sevinc hissi duyuram. Olduqca mühüm bir layihədə iştirak edirik. Bu layihə Sizin rəhbərliyinizlə həyata keçirildi.
Cənab Prezident, Azərbaycan çox xoşbəxtdir ki, Sizin kimi rəhbəri var. Uzaqgörənliyi ilə seçilən şəxs kimi Siz islahatların necə aparılmasında, inkişafın necə təmin edilməsində, insanların, vətəndaşların həyatının yaxşılaşdırılmasında ən yaxşı nümunəsiniz. Bunlarla ölkəniz çox böyük nailiyyətlərə imza atmışdır. Onlar çox yüksəksəviyyəli nəticələrdir və məhz yaşıl enerji də bu istiqamətdə inkişaf etmişdir. Bu gün biz artıq başa çatdırılmış işi qeyd edirik və yaşıl enerji sahəsində bu addımı atırıq.
İcazənizlə, cənab Prezident, mən əvvəlki dövrə qayıdım. COP29-da Siz çox mühüm bir çıxış etdiniz. Müxtəlif tərəflər müəyyən strategiyalar haqqında danışırdılar, fikirlərini bölüşürdülər. Amma Siz söylədiniz ki, dünya ən yaxşı formada necə inkişaf etməlidir, hansı istiqamətdə getməlidir. Siz qeyd etdiniz ki, bu, məhz müxtəlif enerjilərin ümumi kombinasiyası sayəsində mümkündür. Düşünürük ki, bu, ümumiyyətlə, Azərbaycanın zəngin ehtiyatları ilə yanaşı, qlobal inkişafa verdiyi çox yaxşı bir töhfə idi. Bu da, əslində, böyük bir üstünlükdür ki, Azərbaycan belə zəngin ehtiyatlara malikdir. Siz öz açılış nitqinizdə bunu qeyd etdiniz və məhz bir neçə giqavatlıq güclər haqqında danışdınız.
Cənab Prezident, Siz bu planı müəyyən etdiniz. Siz ölkənizdə həmin bu ekosistemi yaradırsınız. Əslində, bu addımları atmaqla, bu işləri görməklə Siz Azərbaycana gələn hər bir xarici sərmayədar üçün əlverişli mühit yaradır, onların işlərini daha da asanlaşdırırsınız. Buna görə də ölkələrimizin bu qədər sıx münasibətlər qurmasına müvəffəq olursunuz. Ona görə də bizim kimi insanlar Sizin ölkənizə gəldikdən və fəaliyyət göstərdikdən sonra Azərbaycanın nailiyyətlərinin, uğurlarının carçısına çevrilirik. Biz burada - Azərbaycanda ona görəyik ki, Siz çox gözəl rəhbərlik keyfiyyətlərinizi göstərirsiniz və dünyada hər bir kəsin maraqlarına xidmət edəcək vacib qərarlar qəbul edirsiniz. Sizin rəhbərlik etdiyiniz Azərbaycan çox gözəl ölkədir. Azərbaycan xalqı çox qonaqpərvərdir və uğur hər zaman sizinlə olacaqdır.
Cənab Prezident, bu yaşıl enerji layihəsi məhz Sizin planınız əsasında həyata keçirildi və gördüyünüz kimi, biz bunu yerlərdə işləyərək reallığa çevirdik. Əlbəttə ki, bu, həmçinin yaşıl enerjinin gələcək inkişafı ilə bağlı məsələdir.
Mən çox əminəm ki, Azərbaycan böyük ölkə kimi bundan sonra da bir tərəfdən neft və qaz ixracatçısı, digər tərəfdən yaşıl enerji ixracatçısı olacaqdır. Buna görə də kralımızın və şahzadəmizin rəhbərliyi, onların təlimatları ilə bu enerji imkanlarını genişləndiririk və görürük ki, biz dünyada ən iri neft hasilatçısı olmaqla yanaşı, həmçinin yaşıl enerji sahəsində də irəlidə gedirik. Cənab Prezident, əlbəttə ki, bu işdə Sizin rəhbərliyiniz çox labüd və lazımlı idi. Biz görürük ki, məhz düzgün rəhbərlik olanda hər bir ölkənin xalqı rifah içində yaşayır və uğurlar qazanılır.
Cənab Prezident, biz bu gün buraya bu layihənin açılışı münasibətilə gəldik. Biz buraya gəldik, öz uğurlarımızı bölüşdük, bütün məsələləri həll etdik. Cənab Prezident, Siz öz rəhbərliyinizlə bizi çox şərəfləndirdiniz. Biz hamımız bir araya gəldik, layihə çərçivəsində çalışdıq, əl-ələ verdik ki, bu uğur əldə olunsun və bu gün həmin uğur artıq göz qabağındadır. Biz onu burada qeyd edirik. Bu, bizim tərəfdaşlığımızın və nümunəvi işgüzar münasibətlərimizin yaxşı bir göstəricisidir. Energetika Nazirliyinin bu işdə bizim etibarlı tərəfdaşımız olmağından çox məmnunuq.
Cənab Prezident, Sizə təşəkkürümüzü bildiririk. O cümlədən Çin şirkətlərinə minnətdarıq ki, onlar da bizimlə birgə işlədilər. Mən, həmçinin Azərbaycan şirkətlərinə də minnətdarlığımı bildirirəm. Onlar da təchizat zəncirində bizə dəstək verdilər, digər xidmətləri göstərdilər. Cənab Prezident, biz “ACWA Power” şirkəti olaraq şahzadəmizin və energetika nazirimizin rəhbərliyi ilə sizin müəyyənləşdirdiyiniz planları həyata keçirdik və əlimizdən gələni edəcəyik ki, bütün bu texnologiyalar burada tətbiq edilsin. Çünki Sizin rəhbərliyinizlə Azərbaycan strateji baxımdan irəliyə doğru getməlidir. Bununla bağlı bizim məhdudiyyətlərimiz yoxdur və planlarımız davam edir. Çünki ölkələrimizin gözəl rəhbərləri var və cənab Prezident, biz xoşbəxtik ki, burada - Azərbaycandayıq. Biz xoşbəxtik ki, Siz bizə etimad göstərmisiniz. Siz bizə bu fürsəti yaratdınız. Siz bizə öz dəstəyinizi göstərdiniz.
Biz, həmçinin burada duzsuzlaşdırma layihəsi ilə bağlı məsələləri də müəyyən etdik. Qeyd etdik ki, bu da bizim növbəti gözəl layihəmiz ola bilər. Biz bu nadir layihəni Xəzər dənizində icra edəcəyik. Dünyada bir çox ölkələr bu kimi layihələri hələ həyata keçirməyib.
Cənab Prezident, Siz, həmçinin su ehtiyatlarının təhlükəsizliyi haqqında düşünürsünüz. Bu haqda hələ heç bir tərəf düşünmür. Lakin biz buradayıq, biz sizin ölkənizi və xalqınızı sevirik. Sizə hər bir məsələdə uğurlar arzu edirik. İstərdik ki, bu planlar reallığa çevrilsin, hətta hələ digər tərəflərin görmədiyi, hazırlaşmadığı bu planları, bu işləri Sizinlə birgə həyata keçirək və hər hansı bir böhrandan sığortalanaq. Təbii ki, bilirik, Azərbaycanı bu gün bu gözəl vəziyyətdə saxlayan məhz Sizsiniz. Sizin rəhbərliyiniz nəinki bu region üçün, bütün dünya üçün ən yaxşı nümunədir. Siz göstərirsiniz ki, uğur uğurun üzərində dayanır. Siz ölkəniz, xalqınız üçün çalışırsınız. Biz Sizə minnətdarıq.
Cənab Prezident, təşəkkür edirik ki, bu gün bu tədbirdə Sizinlə olmaq fürsətini bizə yaratdınız. Təşəkkür edirik ki, bizimləsiniz və arzu edirik ki, bundan sonra da biz digər layihələrin həyata keçirilməsində uğurları birlikdə qeyd edək. Azərbaycanla tərəfdaşlıqdan və uğurlu əməkdaşlıqdan qürur hissi duyuruq.
x x x
Daha sonra "Xızı-Abşeron" Külək Elektrik Stansiyası layihəsi haqqında qısa videoçarx nümayiş olunub.
x x x
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və "ACWA Power" şirkətinin təsisçisi və İcraçı direktoru Məhəmməd Əbunəyyan 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasını işə saldılar.
x x x
Qeyd edək ki, bu stansiyanın tikintisi üçün Abşeron rayonunda 14,2, Xızı rayonunda isə 22,6 hektar olmaqla ümumilikdə 37 hektara yaxın torpaq sahəsi bərpaolunan enerji mənbələrinin ərazisi müəyyən edilib. Layihə üzrə burada hər biri 6,5 MVt olan ümumilikdə 37, o cümlədən Abşeronda 12, Xızıda 25 turbin, həmçinin ölçü-müşahidə stansiyaları, quşların mühafizəsi sistemləri quraşdırılıb. Layihənin icrasına təxminən 340 milyon ABŞ dolları xarici investisiya yönəldilib. Stansiyanın illik enerji istehsalı həcmi təqribən 1 milyard kilovat-saat nəzərdə tutulur ki, bunun da nəticəsində 220 milyon kubmetr təbii qaza qənaət olunacaq və 400 min tondan çox karbon qazının atmosferə atılmasının qarşısı alınacaq. Layihənin baş podratçısı Çinin “Power China Group”un törəmə şirkəti olan “Power China Huadong Engineering Co., Ltd.”dir.
x x x
Sonda birgə foto çəkdirildi.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
DÇ-2026: Səudiyyə Ərəbistan 1-1 Uruqvay
İdman 04:33Putini təhqir edən rəssamı Polşada öldürdülər...
Dünya 03:05Sərnişin daşıyan avtobus qəzaya uğrayıb
Hadisə 02:20Ad gününü qeyd etdi, bir gün sonra öldü...
Şou-Biznes 02:04DÇ-2026: Belçika Misirlə heç-heçə edib
İdman 01:24Hindistan bu raketi sınaqdan keçirdi
Dünya 01:20Bakının bu 6 rayonunda yollar təmirə bağlanır
Sosial 01:04“Cənubi Qafqaz strateji əhəmiyyətə malik regionlardan biridir“ SAYAVONQ BOUNYADET
Siyasət 15 İyun 23:38Tovuzda 39 yaşlı kişi kanalda batıb - FHN məlumat yaydı
Sosial 15 İyun 23:31"Cəhənnəmi görüb gəldim" - Xalq artistindən AÇIQLAMA
Şou-Biznes 15 İyun 23:19"Bölgə rahat nəfəs aldı" - Ərdoğandan ABŞ-İran razılaşmasına MÜNASİBƏT
Siyasət 15 İyun 23:06İspaniya millisi ŞOKDA - ilk oyunda xal itirdilər -(YENİLƏNİB)
İdman 15 İyun 22:30"Qardaş və dost ölkə Can Azərbaycanın.." - Bürhanəddin Durandan PAYLAŞIM
Siyasət 15 İyun 22:19Tarixi saziş imzalandı - Tramp, Vens və Qalibaf...
Siyasət 15 İyun 22:06Audi yeni superkarını hərəkətdə nümayiş etdirdi...
Texnologiya 15 İyun 21:54Kağız kitab oxumağın gözlənilməz faydaları kəşf edilib...
Maraqlı 15 İyun 21:38Qəhvə içəndə beyində nə baş verir?
Səhiyyə 15 İyun 21:23Google şirkəti Yer kürəsinə pulsuz uçuş simulyatoru əlavə edib...
Texnologiya 15 İyun 21:14Alimlər C vitaminini beyin sağlamlığı ilə əlaqələndirirlər...
Səhiyyə 15 İyun 21:05Waymo robotaksisi cinayətkarın polisdən yayınmasına kömək etdi...
Maraqlı 15 İyun 20:53Temperatur artdıqca atmosfer daha çox nəm saxlaya bilir və...
Maraqlı 15 İyun 20:44Tarixi minimum...
Dünya 15 İyun 20:35Yer kürəsində yeni simmetriya oxu kəşf edilib...
Texnologiya 15 İyun 20:24Hansı ev heyvanı ilə eyni yataqda yatmaq daha yaxşıdır: it, yoxsa pişik?
Sosial 15 İyun 20:15Putin 15 ildir ki, onun üçün ayrıca xəbər buraxılışları hazırlayır
Dünya 15 İyun 20:04Uşağın niyə oxumaqdan imtina etməsi tənbəllik deyil, bu, bir siqnaldır...
Təhsil 15 İyun 19:53Hicri təqvimi ilə 1448-ci ilin ilk ayı olan Məhərrəm ayı başlayır...
Sosial 15 İyun 19:45Spielberq filmləri üçün təsnif edilmiş materialları haradan əldə edir?
Mədəniyyət 15 İyun 19:34Belarusda alkoqolun orijinallığı necə yoxlanılır...
Maraqlı 15 İyun 19:25Putinin limuzinin kütləvi istehsalı dayandırılacaq...
İqtisadiyyat 15 İyun 19:13Xoşbəxt cütlüklərin sirri gözlənilməz oldu...
Sosial 15 İyun 19:04Çin universitetləri 12.000-dən çox proqramı dəyişdirir və...
Təhsil 15 İyun 18:55Yerdəki həyatın mənşəyi ilə bağlı gözlənilməz bir nəzəriyyə...
Texnologiya 15 İyun 18:43Rusiya dənizdə öz tankerlərini partlatmağa çağırıb...
Dünya 15 İyun 18:35“Cadugər ovu” başlayıb...
Dünya 15 İyun 18:24Bu, tarixin sonu deyil...
Dünya 15 İyun 18:15“Aydın bir siqnal”: Ruslar Krımdan qaçacaqlarmı?
Dünya 15 İyun 18:03“Azərbaycan xalqına davamlı inkişaf, rifah və uğurlar arzulayırıq“ MALİK ASİF TANVEER
Siyasət 15 İyun 18:00Altınbek Rısbekov Qırğızıstanın energetika naziri vəzifəsinə təyin edilib
Dünya 15 İyun 17:19İtkin düşən 8 nəfər həftəsonu tapılıb
Hadisə 15 İyun 17:16Zakir Həsənov Pakistan tərəfinə başsağlığı verib
Siyasət 15 İyun 16:54Azərbaycan bankları ötən il hər 100 dolların alqı-satqısından 70 qəpik qazanıb
İqtisadiyyat 15 İyun 16:33Litvanın Azərbaycandakı səfirliyində üç həftə konsulluq xidməti məhdudlaşdıracaq
Siyasət 15 İyun 16:16Azərbaycanın yeniyetmə boksçuları 13 medal əldə ediblər
İdman 15 İyun 16:15Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
Siyasət 15 İyun 15:58Hesablama Palatası: Azərbaycanın idxalı orta hesabla 27 %-ə yaxın bahalaşıb
Siyasət 15 İyun 15:56Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaq
Sosial 15 İyun 15:25Sumqayıtda şübhəli şəxs saxlanılıb
Hadisə 15 İyun 14:54Azərbaycan Türkiyədən metal idxalı xərcini 13 % artırıb
İqtisadiyyat 15 İyun 14:17Turizm sektoru ötən il hədəflərə tam nail ola bilməyib
Turizm 15 İyun 14:15"Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə birliyinin simvoludur" - ŞƏRH EDİLDİ
Siyasət 15 İyun 13:44XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmanı alqışlayırıq
Siyasət 15 İyun 13:37Hesablama Palatası: Tikinti sektoru ötən il gözləntiləri doğrultmayıb
İqtisadiyyat 15 İyun 13:01Bakıda 31 dərəcə isti olacaq
Sosial 15 İyun 13:00Müttəfiqliyin Şuşa modeli - MƏQALƏ
Siyasət 15 İyun 12:41Həftəsonu qanunsuz saxlanılan 10 tüfəng, 3 avtomat aşkarlanıb
Hadisə 15 İyun 12:12Bakının 6 rayonunda avtomobil yolları təmir ediləcək
İqtisadiyyat 15 İyun 12:10FHN: Ötən həftə 494 yanğına çıxış olub, 46 nəfər xilas edilib
Hadisə 15 İyun 12:09Azərbaycan XİN ABŞ və İran arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Siyasət 15 İyun 12:08“Azərbaycan Şərqlə Qərbi birləşdirən mühüm logistika qovşağıdır” - TAHİR BUDAQOV
Siyasət 15 İyun 11:58"Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi" - ŞƏRH
Siyasət 15 İyun 11:36Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
İqtisadiyyat 15 İyun 11:25Həftəsonu cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb
Hadisə 15 İyun 11:24"Xalqın iradəsi Azərbaycanın gələcəyini müəyyənləşdirdi" - DEPUTAT DANIŞDI
Siyasət 15 İyun 10:50Sumqayıtda Qurd dərəsi adlanan ərazidə ev yanıb
Hadisə 15 İyun 10:40Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir
Sosial 15 İyun 10:14Səfirlik: Şuşa Bəyannaməsi ilə Azərbaycanla əməkdaşlığımızı daha da inkişaf etdirəcəyik
Siyasət 15 İyun 10:13Füzulidə avtomobil 67 yaşlı kişini vuraraq öldürüb
Hadisə 15 İyun 10:13Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib
Siyasət 15 İyun 09:42İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb
Siyasət 15 İyun 09:25FHN Ağdamda baş verən yanğın barədə məlumat yaydı
Hadisə 15 İyun 03:04Gürcüstanda təhsil almaq istəyənlər üçün yeni qaydalar hazırlanır
Sosial 15 İyun 02:20Niderland -Yaponiya matçında 2:2 hesablı "SÜLH" - (YENİLƏNİB)
İdman 15 İyun 02:03ABŞ və İran arasında tarixi razılaşma baş tutdu - TƏCİLİ
Dünya 15 İyun 01:46"Arsenal" bu futbolçu üçün HƏRƏKƏTƏ KEÇDİ
İdman 15 İyun 01:20"Mən heç bir ölkənin "adamı" deyiləm" - Vuçiçdən AÇIQLAMA
Dünya 15 İyun 01:03Prezident İlham Əliyev Donald Trampa təbrik məktubu göndərib
Siyasət 15 İyun 00:33Bu gün 15 iyun Milli Qurtuluş Günüdür
Siyasət 15 İyun 00:19Bu ölkədə 2 helikopter toqquşub, 6 nəfər ölüb - TƏCİLİ
Dünya 15 İyun 00:04"Tərəfdaşlığımızda yeni fəsil başlayır" - ABŞ rəsmisindən PAYLAŞIM
Siyasət 14 İyun 23:19Putin və Tramp arasında telefon danışığı olub - TƏCİLİ
Dünya 14 İyun 23:06Almaniya millisi dünya çempionatına ŞOU ilə başladı - 7 QOL! - (YENİLƏNİB)
İdman 14 İyun 23:01Özəl xəbərlər
Digər xəbərlər“Azərbaycan xalqına davamlı inkişaf, rifah və uğurlar arzulayırıq“ MALİK ASİF TANVEER
Siyasət 15 İyun 18:00"Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə birliyinin simvoludur" - ŞƏRH EDİLDİ
Siyasət 15 İyun 13:44"Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi" - ŞƏRH
Siyasət 15 İyun 11:36"Xalqın iradəsi Azərbaycanın gələcəyini müəyyənləşdirdi" - DEPUTAT DANIŞDI
Siyasət 15 İyun 10:50
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9673
0,00%
-
GBP
2,2801
0,00%
-
RUB
2,3573
0,00%



