"907-ci düzəlişin qəbulu beynəlxalq hüququn prinsiplərinə ziddir" - DEPUTAT DANIŞDI

"Hər zaman olduğu kimi, bu dəfə də cənab Prezident yerli media kanallarına verdiyi müsahibədə Azərbaycan üçün strateji əhəmiyyət daşıyan mühüm və aktual məsələlərə toxunmuşdur". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Ceyhun Məmmədov bildirib.

Onun sözlərinə görə, müsahibə zamanı ölkənin qarşısında duran əsas siyasi və geosiyasi çağırışlar geniş şəkildə təhlil edilmiş, eyni zamanda ABŞ-ın qəbul etdiyi 907-ci düzəliş məsələsinə xüsusi diqqət yetirilmişdir:

"Cənab Prezident çıxışında bu düzəlişin formalaşmasında Amerikanın sabiq prezidenti Co Baydenin rolunu xüsusilə vurğulamış, onun həm həmin dövrdə, həm də sonrakı mərhələlərdə Azərbaycana qarşı qərəzli və radikal mövqeyi ilə seçildiyini qeyd etmişdir. Bildirilmişdir ki, 907-ci düzəlişin qəbul edilməsi ilk növbədə beynəlxalq hüququn əsas prinsiplərinə zidd olub. Çünki həmin dövrdə təcavüzə məruz qalan, ərazi bütövlüyü pozulan tərəf Azərbaycan idi, buna baxmayaraq, sənəd faktiki olaraq işğalçı Ermənistanı dəstəkləyən bir siyasi addım kimi ortaya çıxıb.

Prezidentin fikrincə, bu düzəliş mahiyyət etibarilə başlanğıcdan etibarən yanlış və ədalətsiz olmuş, uzun illər beynəlxalq gündəmdə saxlanılması isə regional ədalətsizliyin davam etməsinə səbəb olub. Lakin hazırda Cənubi Qafqazda yeni siyasi və hüquqi reallıqlar formalaşıb. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmiş, münaqişə mərhələsi başa çatıb və regionda postmünaqişə dövrü başlayıb.

Bu baxımdan, mövcud reallıqlar 907-ci düzəlişin yenidən qiymətləndirilməsini və ləğvini zəruri edir. Atılan addımlar və yaranmış yeni siyasi konfiqurasiya göstərir ki, bu qərarın qüvvədə saxlanılması nə hüquqi, nə də siyasi baxımdan əsaslandırıla bilər. Ona görə də Azərbaycan tərəfi hesab edir ki, sözügedən məsələ yaxın gələcəkdə öz həllini tapacaq, 907-ci düzəliş ləğv ediləcək və ABŞ–Azərbaycan münasibətləri qarşılıqlı hörmət və əməkdaşlıq prinsipləri əsasında yeni mərhələyə qədəm qoyacaqdır".

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə