"Sanksiyaların əsas istiqaməti isə Rusiya neftinin daşınması ilə bağlı olacaq" -ŞƏRH EDİLDİ
"Amerika Birləşmiş Ştatları uzun müddətdir Rusiyaya qarşı sanksiyalar vasitəsilə təzyiq göstərməyə çalışır. Donald Trampın əsas məqsədi Rusiya ilə Ukrayna arasında sülh razılaşmasının imzalanmasına nail olmaqdır. Ötən ilin son aylarında açıq şəkildə bildirilib ki, əgər Moskva və Kiyev arasında razılaşma əldə olunmasa və irəli sürülən addımlar atılmasa, Rusiya yeni sanksiyalarla üzləşəcək". Bu sözləri SİA-ya açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı deyib.
Onun sözlərinə görə, bu sanksiyaların əsas istiqaməti isə Rusiya neftinin daşınması ilə bağlı olacaq: "Hazırda Rusiya neftinin ixracında əsas mexanizm kimi “kölgə donanması” adlandırılan sistemdən istifadə olunur. Bu donanma müxtəlif qeydiyyatsız və ya alternativ bayraq altında fəaliyyət göstərən gəmilər vasitəsilə neftin fərqli istiqamətlərə daşınmasını təmin edir. ABŞ tərəfi bu vəziyyətdən məlumatlı olsa da, indiyədək müəyyən mənada buna göz yumduğu müşahidə olunur. Məhz bu mexanizm Rusiyanın iqtisadiyyatının əsas dayaqlarından biri hesab olunur. Əgər ABŞ Konqresi bu istiqamətdə real və sərt sanksiyalara başlasa, bunun Rusiya üçün olduqca ağır nəticələr doğuracağı ehtimal olunur. Belə bir addım Rusiya iqtisadiyyatına, siyasi sabitliyinə və xüsusilə hərbi potensialına ciddi zərbə vura bilər. Donald Trampın son açıqlamaları da bunu təsdiqləyir. O, artıq konqresmenlərlə məsələni müzakirə etdiklərini və Rusiyanın yaxın vaxtlarda mövqeyini dəyişməyəcəyi təqdirdə sanksiyaların tətbiq olunacağını qəti şəkildə bəyan edib. Sanksiyaların nə vaxt və hansı miqyasda başlayacağı isə hazırda müzakirə mərhələsindədir.
Bütün bunlar onu göstərir ki, ABŞ rəhbərliyi Rusiyaya qarşı konkret addımlar atmaq niyyətindədir. Venesuelada baş verən son hadisələr də bu kontekstdə xüsusi diqqət çəkir. Rusiyanın təsir dairəsində olan bir ölkəyə ABŞ hərbi qüvvələrinin daxil olması və istədikləri nəticəni əldə etməsi Moskvaya açıq mesaj kimi qiymətləndirilir. Bu addım ABŞ-ın istədiyi vaxt istədiyi qərarı verə biləcəyini və Rusiyanın bu proseslərə təsir imkanlarının məhdud olduğunu nümayiş etdirdi. Digər ehtimal kimi, ABŞ və Rusiya arasında Venesuela mövzusu ətrafında müəyyən razılaşmaların mövcud olması da istisna edilmir. Belə bir ssenaridə ABŞ Venesuelada istədiyini həyata keçirir, əvəzində isə Ukrayna məsələsində Tramp administrasiyası müəyyən güzəştlərə gedə bilər. Məhz buna görə də ABŞ tərəfindən edilən ardıcıl açıqlamalar Rusiyanı daha tez qərar verməyə məcbur etmək məqsədi daşıya bilər.
Lakin mövcud mənzərə göstərir ki, Rusiya hələlik hər hansı ciddi razılaşmaya yaxın görünmür. Bu səbəbdən Trampın daha əvvəl atdığı radikal addımların davamı olaraq, yaxın günlərdə Rusiyaya qarşı da sərt sanksiya qərarlarının qəbul olunması ehtimalı yüksəkdir. Bu addımlar Rusiyanın xüsusilə hərbi gücünə ciddi təsir göstərə və onun müqavimət imkanlarını xeyli zəiflədə bilər. Mövcud proseslər onu deməyə əsas verir ki, yaxın vaxtlarda bu istiqamətdə konkret qərarlar veriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB