"Bakı Vaşinqtonla əlaqələrin dərinləşməsinə önəm verir" - MÖVQE

"Bildiyimiz kimi, yanvar ayının əvvəlində Azərbaycan Respublikasının Prezidenti Amerika Birləşmiş Ştatlarından gələn nümayəndə heyətini qəbul edib. Bu nümayəndə heyəti senatorlar və konqresmenlərdən ibarət böyük bir heyət olub". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib.

Siyasi şərhçi sözlərinə belə davam edir: "Görüş zamanı Azərbaycan Prezidenti çox önəmli məsələlərə toxunub. İlk növbədə, Azərbaycan üçün ən vacib məsələ olan Ermənistan–Azərbaycan sülh müqaviləsi və Azərbaycan–Amerika münasibətləri müzakirə olunub. Dövlət başçısı 8 avqust tarixində Amerikada baş tutmuş görüşdən sonra Ermənistan və Azərbaycan arasında fərqli bir sülh atmosferinin yarandığını bildirib və bu baxımdan ABŞ Prezidentinə təşəkkürünü ifadə edib. Eyni zamanda, Azərbaycan–Amerika münasibətlərinin yeni strateji mərhələyə keçməsi ilə bağlı fikirlər səsləndirilib.

Qeyd olunub ki, Trampdan öncəki dövrdə, xüsusilə də Bayden–Blinken tandeminin hakimiyyəti zamanı, Azərbaycana qarşı ciddi qərəzli mövqe sərgilənib və bu, iki ölkə arasındakı münasibətləri demək olar ki, sıfır səviyyəsinə endirib. Münasibətlərin pozulmasında əvvəlki administrasiyanın “xüsusi rolu” olub. Prezident qeyd edib ki, 8 avqust görüşündən sonra Azərbaycanla ABŞ arasında yeni bir dövr başlayır. Ötən həftə Azərbaycanın Xarici İşlər Nazirliyi də bildirmişdi ki, artıq bu strateji əlaqələrin gücləndirilməsi üçün komissiya fəaliyyətə başlayıb və 2026-cı ildə nəticələr özünü göstərəcək.

Azərbaycan Prezidenti haqlı olaraq ABŞ Konqresinin 907-ci düzəlişinin ləğv edilməsini məqsədəuyğun sayıb. Çünki bu düzəliş hələ də ədalətsiz şəkildə Ermənistana yox, Azərbaycana qarşı tətbiq edilir. Halbuki hazırda regionda faktiki sülhü təmin edən tərəf Azərbaycandır. ABŞ nümayəndə heyətində hərbçilər də olduğundan, ölkənin Müdafiə Nazirliyi ilə görüşlər keçirilib və Azərbaycan–Amerika hərbi əməkdaşlığı da müzakirə olunub.

Bu, bir daha göstərir ki, Azərbaycan ABŞ-la strateji əməkdaşlığa böyük önəm verir. 8 avqustda Ağ Evdə keçirilən danışıqlarda əldə olunan razılaşmalara Azərbaycan tərəfi sadiqdir. İndi növbə Amerika tərəfindədir — istər Zəngəzur dəhlizi məsələsi, istərsə də 907-ci düzəlişin ləğvi baxımından. Çünki bu düzəliş münasibətlərə ciddi zərbə vurur.
Bundan əvvəl Prezidentin köməkçisi Hikmət Hacıyev də “New York Times” qəzetinə verdiyi müsahibədə 907-ci düzəlişin münasibətlərə zərər verdiyini qeyd etmişdi. Bu məsələ tezliklə həllini tapmalıdır. Dövlət başçısının da vurğuladığı kimi, Azərbaycan qədər ABŞ də maraqlı olmalıdır ki, Cənubi Qafqazın ən sabit və sülhə çağıran dövləti olan Azərbaycanla münasibətlər daha yüksək səviyyədə olsun".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə