"İranda insanlar zülmə baş əyməyəcəklər" - ŞƏRH

"İranda baş verənlər təbii proseslərdir, çünki uzun illər fars mollalar rejimi İran xalqını zülm altında saxlayıb və bu gün də saxlayır". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Siyasi şərhçi sözlərinə belə davam edib: "Təbiidir ki, insanlar əbədi olaraq bu zülmə baş əyməli deyildilər. Ona görə də zaman-zaman İranda belə baş qaldırmalar olur. Bu dəfə məsələ daha ciddidir, xüsusən də xarici ölkələrdən ciddi dəstək var. İranda rejimi dəyişmək, yəni fars mollalar rejiminin yerinə şah rejimini qaytarmaq istəyən qüvvələr var. Təbiidir ki, bu ayaqlanmaların arxasında həmin qüvvələrin olması şübhəsizdir. Yəni bir tərəfdə insanların maddi-sosial problemləri, digər tərəfdə siyasi problemlər, üçüncü tərəfdə isə xarici qüvvələrin bu prosesdən yararlanmaq cəhdi var.

Bizim üçün, əlbəttə ki, bir qonşu ölkə olaraq İranda baş verən proseslər mütləq maraqlıdır, çünki bir tərəfi bizə də toxunur. Orada on milyonlarla soydaşımız — türklər yaşayır və onların taleyi bizim üçün önəmlidir. O baxımdan biz oradakı soydaşlarımıza çağırış edirik ki, xarici qüvvələrin öz maraqları naminə ayağa qaldırdığı xalqın sırasında yer tutmasınlar. Çünki fars mollalar rejimi ilə onu əvəz etmək istədikləri şah rejimi arasında fərq yoxdur. Hər ikisi türk düşmənidir. Bu gün Pəhləvilərin nümayəndəsini gətirib dövlətin başına qoysalar da, o da türk düşmənliyini davam etdirəcək. Belə olan şəraitdə bizim soydaşlarımız nicat tapa bilməyəcəklər. Bizim üçün önəmli olan İranda soydaşlarımızın öz talelərini özlərinin həll etməsidir.

Artıq elə bir mərhələyə gəlib çatmışıq ki, “İran İslam Respublikası” adlı dövlət bu şəkildə davam etməməlidir. Özəlliklə də türklər öz müstəqil dövlətlərini qurmalı və nicatlarını özləri təmin etməlidirlər. Ona görə mən düşünürəm ki, indiki mərhələdə İranda baş verən etirazlarda azərbaycanlıların, türklərin çox da fəallıq etməməsi ən düzgün addımdır. Sonrakı mərhələdə isə, əlbəttə ki, bizim soydaşlarımız öz talelərini özləri həll edəcəklər".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə