“İranda etiraz dalğası əvvəlki aksiyalardan sosial tərkibinə görə fərqlənir” - POLİTOLOQ DANIŞDI

“İranda son dövrlərdə müşahidə olunan etiraz aksiyaları ölkənin dərinləşən sosial-iqtisadi problemləri fonunda meydana çıxmışdır. Milli valyuta olan rialın ABŞ dolları qarşısında sürətlə dəyər itirməsi, hiperinflyasiya səviyyəsinə çatan qiymət artımları və əhalinin alıcılıq qabiliyyətinin kəskin şəkildə azalması ictimai narazılığın əsas struktur səbəblərini təşkil edir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.
Onun sözlərinə görə, bu proseslər uzun müddətdir yığılan sosial gərginliyin açıq etiraz formasına keçməsinə zəmin yaradıb:

“Mövcud etiraz dalğası əvvəlki aksiyalardan sosial tərkibinə görə fərqlənir. Bu dəfə etirazlara təkcə aşağı gəlirli təbəqələr deyil, həm də sahibkarlar və orta sinif - xüsusilə iqtisadi baxımdan daha aktiv olan şəhər burjuaziyası qoşulub. Xüsusilə Tehranda bu təbəqənin fəallığı diqqət çəkir ki, bu da etirazların sosial bazasının genişləndiyini və daha təşkilatlanmış xarakter aldığını göstərir.

Etirazların əsasən fars əyalətlərində cəmləşməsi də mühüm analitik məqamdır. Bu kontekstdə xarici təsir faktorunu, o cümlədən İsrail kəşfiyyatının mümkün dolayı müdaxiləsini tamamilə istisna etmək çətindir. İran rəsmiləri bu iddiaları qəbul etməsə də, aksiyalar zamanı şah rejiminin simvollarının nümayiş etdirilməsi, monarxiya çağırışlarının səsləndirilməsi, eləcə də bəzi bölgələrdə polislə silahlı qarşıdurmaların baş verməsi etirazların ideoloji və taktiki baxımdan əvvəlkilərdən daha fərqli və daha dərin xarakter daşıdığını göstərir.

Mövcud şəraitdə lokal səviyyədə silahlı toqquşmaların baş verməsi ehtimalı da nəzərdən kənar qalmamalıdır. Bununla yanaşı, İran hakimiyyətinin daxilində mövcud olan fikir ayrılıqları etirazların davamlılığına təsir edən mühüm amillərdən biridir. Xüsusilə mühafizəkar dini dairələrlə prezident administrasiyası arasında artan siyasi gərginlik idarəetmədə koordinasiyanı zəiflədir və qərarvermə mexanizmlərini çətinləşdirir.

Beynəlxalq müstəvidə isə ABŞ və İsrailin yaranmış vəziyyətdən strateji məqsədlər üçün istifadə etməyə çalışacağı ehtimalı yüksəkdir. İnformasiya müharibəsi, texniki dəstək və kommunikasiya imkanlarının genişləndirilməsi vasitəsilə etirazların miqyasının böyüdülməsi cəhdləri mümkündür. Bununla belə, İran hakimiyyətinin əvvəlki illərdə oxşar etiraz dalğalarını nəzarət altına alma təcrübəsinin olması dövlətin institusional dayanıqlığını qoruduğunu göstərir.

Qlobal geosiyasi gərginlik və uzunmüddətli iqtisadi sanksiyalar fonunda İranın ümumi vəziyyəti daha da mürəkkəbləşir. Sanksiyalar ölkə iqtisadiyyatını struktur baxımından zəiflədir, sosial narazılığı artırır və etirazlar üçün münbit zəmin yaradır. Lakin mövcud siyasi və təhlükəsizlik mexanizmləri nəzərə alındıqda, bu etirazların yaxın perspektivdə rejim dəyişikliyinə səbəb olacağı ehtimalı yüksək qiymətləndirilmir.

İranda baş verən etirazlar daha çox sosial-iqtisadi xarakter daşıyan, lakin eyni zamanda daxili siyasi parçalanma və xarici geosiyasi təsirlərlə mürəkkəbləşən proses kimi dəyərləndirilə bilər. Bu proseslərin dinamikası ölkənin daxili sabitliyi və regiondakı geosiyasi balans baxımından diqqətlə izlənilməlidir”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə