“Regional təşəbbüslər ölkələrarası əməkdaşlığı əhəmiyyətli dərəcədə gücləndirib” - Nazir

"Aprel ayında Suriya Prezidenti ilə, may ayında Türkiyə Respublikasının Baş naziri ilə, iyun ayında isə Türkiyə Prezidenti ilə görüşmək imkanım olub".

SİA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov nazirliyin 2025-ci ilin yekunlarına dair hesabatında media nümayəndələrinin suallarını cavablandırarkən deyib.

Nazir bildirib ki, təxminən 60-a yaxın təşəbbüs və əməkdaşlıq layihəsi Azərbaycanın, Suriyanın, Türkiyənin və digər bir sıra ölkələrin iştirakı ilə həyata keçirilib və bu təşəbbüslər ölkələr arasında əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verib:

“Bu təşəbbüslərin bir çoxu 2012-ci ildən başlayıb. Xüsusilə tranzit, enerji və elektrik enerjisi sahəsində Suriyada ciddi inkişaflar müşahidə olunur”.

Ceyhun Bayramov qeyd edib ki, Azərbaycan vasitəsilə reallaşdırılan boru kəməri layihələri sayəsində bir sıra ölkələr bu proseslərə qoşulub və hazırda bu ölkələrin sayı təxminən 14-ə çatıb.

Nazir əlavə edib ki, digər istiqamətlər üzrə də intensiv təmaslar davam etdirilir:

“Mən yalnız bəzi nümunələri qeyd etdim ki, bir ölkədə başlanan proseslərin digər ölkələrlə münasibətlərə necə təsir göstərdiyini vurğulayam”.

O bildirib ki, qlobal miqyasda baş verən proseslərə əvvəlcədən hazır olmaq və uzunmüddətli planlama aparmaq vacibdir:

“Azərbaycan regional və qlobal prosesləri yaxından izləyir və müvafiq addımlar atır. Əldə olunan təcrübə gələcəkdə risklərin qarşısını almaq və uğurlu əməkdaşlıqları daha da inkişaf etdirmək baxımından mühüm əhəmiyyət daşıyır”.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə