"Amnistiyaya düşən şəxslər yenidən cəmiyyətə qayıdır" - ŞƏRH EDİLDİ

"Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul edilən amnistiya qərarı çox sayda insana şamil olundu və onların arasında 22 qadın məhkum da var. Ümumilikdə bu amnistiya aktı çox humanist, insanpərvər, cəmiyyətin rifahına və ictimai münasibətlərin möhkəmlənməsinə xidmət edən, hər bir insanı düşünən bir addım kimi qiymətləndirilməlidir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyib.

Onun sözlərinə görə, bu ölkəmizdə qəbul edilən ilk amnistiya aktı deyil: "Cənab Prezidentin imzası ilə əvvəllər də bir sıra amnistiya aktları və əfv fərmanları həyata keçirilib. Bu dəfəki fərman isə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl ərəfəsində təqdim olunaraq minlərlə ailəyə bayram sevinci yaşatdı. 22 qadının da bu qərara daxil edilməsi Prezidentin humanizmə əsaslanan siyasətinin ən ali təzahürlərindən biridir. Bu, xüsusilə postmünaqişə dövründə atılmış çox əhəmiyyətli və nümunəvi bir addımdır. Çünki bu akt yalnız bir hüquqi sənəd deyil, eyni zamanda ölkənin siyasi və humanitar siyasətinin tərkib hissəsi kimi qiymətləndirilməlidir.

Amnistiyaya düşən şəxslər yenidən cəmiyyətə qayıdır, ailələrinə qovuşurlar. Törətdikləri cinayətin ağırlığından asılı olmayaraq, bu insanların islah olunmuş formada cəmiyyətə reinteqrasiyası təmin olunur. Ümid edirik ki, onlar keçmiş səhvlərindən dərs çıxararaq yeni həyatlarında bu cür hallardan uzaq duracaqlar.

Xüsusilə qadın məhkumların anaların öz övladlarına, ailələrinə qovuşması çox sevindirici haldır. Bu, təkcə onların deyil, həm də ailələrinin həyatında yeni bir səhifənin açılması deməkdir.

Biz bu humanist addımına görə Cənab Prezidentə dərin təşəkkürümüzü bildiririk.

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə