Prezident İlham Əliyevin irəli sürdüyü amnistiya aktının elan edilməsi ilə bağlı təşəbbüsünün icrasına başlanılıb
Azərbaycan Respublikasının Prezidenti, Fateh Sərkərdə İlham Əliyevin Fərmanı ilə 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan olunması cəmiyyətdə birliyin və bərabərliyin daha da möhkəmlənməsinə yeni imkanlar yaratdı. Ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunması uca millətimizin ən böyük qələbəsidir. Hərbi, siyasi, diplomatik qələbə 1995-ci il noyabrın 12-də Ulu Öndərimiz Heydər Əliyevin müəllifliyi ilə hazırlanan və ümxalq referendum yolu ilə qəbul edilən müstəqil Azərbaycanın Konstitusiyasının hüquqi qüvvəsinin bütün ölkə ərazində təmin olunması demək oldu. Hüquqi dövlət quruculuğuna, humanizm prinsiplərinə və xeyirxahlığa sadiq olan Ulu Öndərimiz Heydər Əliyevin ən layiqli siyasi varisi, ölkə Prezidenti İlham Əliyev vaxtaşırı olaraq əfv sərəncamları imzalayır, amnistiya təşəbbüsləri ilə çıxış edir. Bununla cəzadan azad olunacaq şəxslərin bir daha cinayət törətməyəcəklərinə, işləri, fəaliyyətləri ilə dövlətimizin inkişafına öz töhfələrini verəcəklərinə ümid edilib. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev deyirdi ki, "hər bir insanın özünəməxsus, çoxsaylı arzuları ola bilər. Həbsxanada olanların isə ən ümdə arzusu məhz azadlığa çıxmaq, əzizlərinə qovuşmaqdır". Bu cür xeyirxahlığının, humanistliyinin nəticəsidir ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən 1995-2003-cü illərdə 32 Əfv fərmanı imzalanıb, 7 Amnistiya aktı qəbul edilib. Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndəri Heydər Əliyevin əsasını qoyduğu siyasətə uyğun olaraq 2003-2025-ci illər ərzində 39 Əfv sərəncamı imzalayıb, həmin dövrdə 5 Amnistiya aktı qəbul edilib. Azərbaycan respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Milli Məclisin deputatı olduğu dövrdə irəli sürülmüş təşəbbüs əsasında 4 amnistiya aktının qəbul olunması, sonuncu akt əsasında isə 10 min məhkumun azadlığa qovuşması cəmiyyətdə böyük coşqu və rəğbətlə qarşılanmışdır.
Dekabrın 22-dən Amnistiya aktının icrasına başlanılıb
Mərhəmət və humanistlik ənənələrinin davam olaraq Prezident İlham Əliyev amnistiya aktının elan edilməsi ilə bağlı təşəbbüslə çıxış edib. Bu təşəbbüsün əsasında Milli Məclis Amnistiya elan edilməsi ilə bağlı qərar qəbul edib. Bu, ən böyük amnistiya aktı hesab olunur. Amnistiya aktının 20 mindən çox məhkuma şamil ediləcəyi qeyd olunur. Dekabrın 22-dən Amnistiya aktının icrasına başlanılıb. Cəzaçəkmə müəssisələrindən və müvəqqəti saxlanılma yerlərindən məhkumların azad edilməsi həyata keçirilir. Proses də KİV-lər, vətəndaş cəmiyyətinin və dövlət orqanlarının iştirak edirlər. Ədliyyə Nazirliyi qəbul edilən qərarın icrasını 4 ay ərzində icra edəcək. Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən amnistiya aktı Bakı İstintaq Təcridxanasında icra olunub. İstintaq Təcridxanadan bu gün 12 nəfər azadlığa buraxılıb. Amnistiya aktının icrası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə məxsus 4 saylı qadın cəzaçəkmə müəssisəsində həyata keçirilib.Verilən məlumata görə, cəzaçəkmə müəssisəsində amnistiya aktı ümumilikdə 52 nəfərə şamil olunur. İlkin mərhələdə 22 qadın azadlığa buraxılıb. Tədbirdə İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva, Penitensiar Xidmətin rəis müavini Orxan Qasımov, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın sədri Çingiz Qənizadə, həmçinin media və ictimaiyyət nümayəndələri iştirak ediblər. Penitensiar Xidmətin rəis müavini Orxan Qasımov bildirib ki, amnistiya aktı humanizm prinsiplərinə əsaslanır və Ədliyyə Nazirliyi tərəfindən mütəşəkkil və operativ şəkildə icra olunur. Tədbirdə çıxış edən Ombudsman Səbinə Əliyeva qeyd edib ki, Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması əsas prioritetlərdəndir. Onun sözlərinə görə, əfv və amnistiya siyasəti Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır və bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bildirilib ki, bu, sayca 13-cü və əhatə dairəsinə görə ən geniş amnistiya aktıdır. Səbinə Əliyeva təşəbbüsə görə Prezidentə təşəkkür edib və amnistiyanın cəmiyyətdə mühüm mənəvi-tərbiyəvi əhəmiyyət daşıdığını qeyd edib. Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc isə bildirib ki, əfv institutu Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılıb və bu amnistiya yeni dövrün mühüm qərarlarından biridir. O, azadlığa buraxılan şəxslərə ailələri və cəmiyyət üçün faydalı olmalarını arzulayıb, zərərçəkmişlərə qarşı kin saxlamamağa çağırıb: "Amnistiya cəmiyyətdə barış və həmrəyliyin möhkəmlənməsinə xidmət edir. Bu, eyni zamanda penitensiar müəssisələrdəki sıxlığın azalmasına da töhfə verəcək".
5 minə yaxın şəxs həbs cəzalarından tam azad ediləcək
Amnistiya aktına görə, 4 ay müddətində 5 minə yaxın şəxs həbs cəzalarından tam azad ediləcək. Həmçinin azadlıqdan məhrum etmə növündə cəza çəkən 3 minə yaxın məhkumun cəzası 6 ay azaldılacaq. Qalan hissə isə azadlıqdan məhrumetmə ilə bağlı olmayan və azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilənlərə aiddir. Ədliyyə Nazirliyi bu qərarı 4 ay ərzində icra etməlidir. Amnistiya aktına əsasən, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistanın mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur. Sənədə görə, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaq.
Nəzərə almaq lazımdır ki, torpaqlarımızın erməni separatçı-terrorçu dəstələrindən azad edilməsindən sonra Prezidentimiz İlham Əliyev tərəfindən xalqa daha bir xoş müjdə olan Zəfər Günü münasibətilə aministiya aktı təşəbbüsü elan etmişdi. O zaman amnistiya aktı 17 min 267 şəxsə şamil olunmuşdur. Bu qərar tətbiq olunan şəxslərin sayına görə həmin ilə qədər qəbul edilmiş ən geniş amnistiya olub. Amnistiyanın tətbiq olunduğu şəxslərdən 733-ü Vətən müharibəsinin iştirakçısı, 837-si qadın, 65-i yetkinlik yaşına çatmayanlardır. Amnistiya qərarı azadlıqdan məhrumetmə yerlərində cəza çəkən 5971 məhkuma tətbiq edilib. Onlardan 2710 məhkum azadlıqdan məhrumetmə cəzasından azad olunub, 3261 məhkumun cəzasının çəkilməmiş müddəti 6 ay azaldılıb. Həmçinin azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalara məhkum edilmiş 8559 şəxsə amnistiya tətbiq edilib. Onlardan 5722 məhkum cəzadan azad edilib, 2837 məhkumun cəzası azaldılıb. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 1909, islah işləri cəzasına məhkum olunmuş 2471, ictimai işlər cəzasına məhkum edilmiş 86, cərimə cəzasına məhkum edilmiş 1202 və digər cəzalara məhkum olunmuş 54 şəxs bu cəzalardan azad edilib. Şərti məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş 62 məhkum barəsində də amnistiya tətbiq olunub.
Amnistiya aktı cəmiyyətdə sevinclə qarşılandı
Azərbaycan Prezidenti Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən Amnistiya aktı cəmiyyətdə böyük coşqu və alqışlarla qarşılanıb. İctimaiyyət nümayəndələri Prezidentimiz İlham Əliyevə və humanistliyinə görə təşəkkür edirlər. Amnistiya akı yüzlərlə insanın yenidən normal həyatını bərpa etməsi, ailələrinin yaşayışına yardımçı olması deməkdir. Həm də bu cür insanpərvərlik keçmiş məhkumların dövlətin inkişafına yeni şansın verilməsi deməkdir. Əminliklə demək olar ki, azadlığa çıxacaq hər bir insan bir daha səhvə yol verməyəcək, sağlam mövqeyi, inamlı fəaliyyəti, düzgün, əsaslı işləri ilə nümunəvi vətəndaşa çevriləcəklər. İnsan səhv edə bilər, yanlığa da yol verməsi mümkündür, yetər ki, səhvlərini, yanlış addımlarını bir daha təkrarlamasın.
Bütün bu kimi insanpərvərlik, xeyirxahlıq, humanistlik, xalqın və dövlətin maraqlarına söykənən siyasətin aparılması onu təsdiq edir ki, Ulu Öndərimiz Heydər Əliyevin qurduğu Azərbaycan dövlətinin sükanı əmin əldədir. Ulu öndər Heydər Əliyevin 1 oktyabr 2003-cü ildə Azərbaycan xalqına müraciətində dediyi müdrik kəlamlar öz real müsbət nəticəsini verir: "Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".
Tam qətiyyətlə vurğulamaq olar ki, 2003-cü il prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyev seçkilərərəfəsi verdiyi bütün vədlərinə əməl edib. Ən əsası uğurlarımızın ən yüksək zirvəsi 30 il erməni işğalı altında olmuş torpaqlarımızın azad edilməsi oldu. Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlara, zəfərlərə imza atır. Bu uğurlar davamlı xarakter alacaq. Çünki Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu siyasət tərəqqiyə, inkişafa əsaslanan siyasətdir.
İlham Əliyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB