“Azərbaycan–Slovakiya münasibətləri strateji əməkdaşlıq modelini əks etdirir” - ŞƏRH EDİLDİ
“Azərbaycan və Slovakiya arasındakı münasibətlər son illərdə intensivləşən siyasi dialoq və genişlənən əməkdaşlıq çərçivəsində yeni inkişaf mərhələsinə qədəm qoyub”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Aytən Qurbanova deyib.
Onun sözlərinə görə, iki ölkə arasında diplomatik münasibətlərin genişlənməsi nöqteyi-nəzərindən yanaşdıqda, 2019-cu ildə Slovakiyanın Bakıda, 2023-cü ildə isə Azərbaycanın Bratislavada səfirliklərinin açılması siyasi yaxınlaşmanın mühüm göstəricisi kimi dəyərləndirilə bilər:
”Strateji tərəfdaşlıq ruhunda aparılan siyasi dialoq tərəflər arasında etimadın möhkəmlənməsinə, regional və qlobal gündəlikdə ortaq mövqelərin formalaşmasına mühüm töhfə verir. Bununla yanaşı, iki ölkə arasında iqtisadi-ticarət əlaqələri yüksələn xətt üzrə inkişaf edir. Son dövrlərdə ticarət dövriyyəsindəki artım və yeni iqtisadi layihələr əməkdaşlığın real dinamikasını nümayiş etdirir. Enerji sahəsində əməkdaşlıq isə ikitərəfli münasibətlərin əsas strateji istiqamətlərindən biridir. Azərbaycanın təbii qazının Slovakiya bazarına daxil olması Bratislavanın enerji təhlükəsizliyi və diversifikasiya siyasəti üçün mühüm əhəmiyyət kəsb edir. Bu proses həmçinin Azərbaycan enerji resurslarının Avropanın enerji sisteminə daha dərin inteqrasiyasını təmin etməklə regional enerji balansına müsbət təsir göstərir. Milli maraqlar kontekstindən dəyərləndirildikdə, Slovakiya ilə tərəfdaşlığın gücləndirilməsi Azərbaycanın Avropa İttifaqı məkanında siyasi mövqelərinin möhkəmlənməsinə, iqtisadi əməkdaşlığın genişlənməsinə və yeni strateji tərəfdaşlıq imkanlarının yaranmasına xidmət edir. Ümumilikdə isə Azərbaycan–Slovakiya münasibətləri hazırda yüksələn xətt üzrə inkişaf edən, qarşılıqlı maraq və strateji yanaşmalar üzərində qurulmuş əməkdaşlıq modelini əks etdirir. Bu isə öz növbəsində ikitərəfli əlaqələrin gələcək perspektivlərinə dair müsbət və dayanıqlı dinamika formalaşdırır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB