“Azərbaycanın müstəqillik və suverenliyi Heydər Əliyevin siyasi kursu ilə bağlıdır” - Bəhruz Məhərrəmov

“Cənubi Qafqaz dünyanın strateji baxımdan çox mühüm coğrafiyasında yerləşir. Tarix boyu burada maraqlar toqquşub, işğalçılıq və nəzarət uğrunda mübarizələr baş verib. Azərbaycan xalqı isə bu təsirlər altında dövlətçilik ənənələrini itirməli olub və yalnız Ulu Öndər Heydər Əliyevin Sovet Azərbaycanında siyasi elita səviyyəsinə yüksəlməsi ilə ölkəmizin siyasi reallığı formalaşmağa başladı". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.

Deputat çıxışında qeyd edib ki, 1970–80-ci illərdə Azərbaycanın elmi, mədəni həyatı və milli düşüncə səviyyəsi yüksəlmiş, iqtisadiyyat inkişaf etmiş, milli kadrlar yetişmiş və Azərbaycan dili dövlət səviyyəsində tanınmışdı: “Bu gün əldə etdiyimiz uğurların təməli məhz 1969–1987-ci illərdə atılıb. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqil dövlətə çevrilməsi yolunda mühüm addımlar atılıb. Həmin dövrdə formalaşan siyasi, mədəni və milli iradə bugünkü müstəqilliyimizin əsasıdır".

Bəhruz Məhərrəmov həmçinin vurğulayıb ki, 1980-ci illərin sonlarında xalq hərəkatının önündə Heydər Əliyevin adı dayanıb: “Əlində Heydər Əliyevin plakatı ilə küçələrə çıxan insanlar, xüsusilə Naxçıvan və Qarabağ bölgələrindən olan ziyalılar, ulu öndərə dəstək göstərirdilər. Sovet rejiminə inamın sarsıldığı dövrdə bu dəstək Azərbaycan xalqının müstəqillik arzularının təzahürü idi. Həqiqi müstəqillik Heydər Əliyevin adı ilə bağlıdır".

Deputat çıxışında həmçinin bildirib ki, 1991-ci ildə Azərbaycanın müstəqilliyi bir sıra şəxslərin iddia etdiyi kimi təsadüfi və ya yalnız xalq hərəkatının nəticəsi deyildi: “Əslində, müstəqilliyin real bərpası və suverenliyin möhkəmləndirilməsi Heydər Əliyevin siyasi kursu və ardıcıl addımları ilə bağlıdır. Neft kontraktlarının imzalanması, ordu quruculuğu və dövlət siyasətinin düzgün yönləndirilməsi bu müstəqilliyin təminatıdır".

Bəhruz Məhərrəmov çıxışını belə yekunlaşdırıb: “Bu gün dünya siyasətində baş verənlər də göstərir ki, Azərbaycan tam siyasi sabitliyə malikdir. Sosial və iqtisadi sahədə problemlər mövcud olsa da, 1990-cı illərdəki kimi ciddi böhranlar yoxdur. Dövlət və xalq səyləri nəticəsində ölkəmiz davamlı inkişaf və rifah yolundadır".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə