"Azərbaycan-Slovakiya əlaqələri sürətlə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir" - ŞƏRH EDİLDİ
"Azərbaycan və Slovakiya münasibətləri son illərdə sürətlə yüksələn strateji tərəfdaşlıq mərhələsinə qədəm qoyub. Slovakiya Prezidentinin də qeyd etdiyi kimi, bu ölkə Azərbaycanı regionun ən böyük iqtisadiyyatı və enerji təhlükəsizliyində əsas ortaqlardan biri kimi görür". Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva deyib.
Onun sözlərinə görə, Bakı üçün isə Slovakiya Avropa İttifaqı daxilində həm enerji xəritəsinin şaxələndirilməsi, həm də nəqliyyat-logistika layihələrində yeni bağlantı imkanları təqdim edən mühüm tərəfdaşdır:
"İki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə münasibətləri formal siyasi dialoq səviyyəsindən çıxararaq, siyasi, iqtisadi, təhlükəsizlik və innovasiya sahələrində daha sistemli və praktiki əməkdaşlıq yolunu açıb. Bu bəyannamə çərçivəsində tərəflər bir-birinin maraqlarını dəstəkləyən, uzunmüddətli perspektivləri nəzərdə tutan fəaliyyət xətti müəyyənləşdiriblər. Hazırda əməkdaşlıq yalnız enerji sahəsi ilə məhdudlaşmır. Slovakiyanın müdafiə sənayesi üzrə inkişaf etmiş yüksək texnologiyalarının Azərbaycana transferi, həmçinin birgə istehsal sahələrinin yaradılması, müdafiə təyinatlı məhsulların üçüncü ölkələrə ixracı kimi məsələlər gündəlikdə duran əsas istiqamətlərdəndir. Bu, tərəfdaşlığın təkcə enerji və iqtisadi çərçivədə deyil, daha geniş təhlükəsizlik və sənaye ölçüsündə dərinləşdiyini göstərir.
Bundan başqa, nəqliyyat və tranzit əlaqələri, xüsusilə Orta Dəhliz kontekstində Slovakiyanın rolu getdikcə artır. "Rəqəmsal transformasiya", “ağıllı şəhər və kənd” layihələri, eləcə də təhsil və tələbə mübadiləsi sahələrində əməkdaşlıq isə iki ölkənin cəmiyyətlərarası əlaqələrini də gücləndirir. Slovakiya universitetlərinin Azərbaycan tələbələri üçün yeni təqaüd proqramları təqdim etməsi və ikili diplom layihələrinin müzakirə olunması gələcək humanitar əlaqələrə də müsbət təsir göstərir. Bratislava görüşü bir daha nümayiş etdirdi ki, Azərbaycan-Slovakiya münasibətləri təsadüfi yaxınlaşma deyil, qarşılıqlı ehtiyaclara, real maraqlara və uzunmüddətli strateji vizyona söykənən tərəfdaşlıq modelidir. Hər iki ölkə enerji təhlükəsizliyindən tutmuş müdafiə sənayesinə, rəqəmsal inkişafdan təhsil mübadiləsinə qədər geniş spektrdə qarşılıqlı fayda gətirən yeni layihələrə hazır olduqlarını nümayiş etdirir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB