"Heydər Əliyevin siyasi irsi müasir Azərbaycan dövlətçiliyinin əsas strateji xəttidir" -ŞƏRH EDİLDİ
"Ulu Öndər Heydər Əliyevin anım günü yaxınlaşarkən, onun siyasi irsinin bu gün Azərbaycan dövlət idarəçiliyində oynadığı rol daha qabarıq şəkildə görünür. Heydər Əliyevin müəyyən etdiyi strateji xətt bu gün də ölkənin inkişaf modelinin əsas istiqamətlərini müəyyənləşdirir və dövlətin xarici siyasətindən tutmuş təhlükəsizlik arxitekturasına, iqtisadi strategiyasından milli idarəçilik fəlsəfəsinə qədər bütün sahələrdə öz təsirini qoruyur". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, regional təhlükəsizlik kontekstində Heydər Əliyevin formalaşdırdığı milli təhlükəsizlik konsepsiyası müasir mərhələdə Azərbaycanın həyata keçirdiyi siyasətin ideya əsasını təşkil edir: "Onun dövlət maraqlarına əsaslanan, riskləri əvvəlcədən qiymətləndirən, balanslaşdırılmış yanaşması bu gün Cənubi Qafqazda yeni reallıqların yaranmasında mühüm rol oynayıb. 2020-ci il Vətən müharibəsindən sonra regionda formalaşan yeni geosiyasi nizam da Heydər Əliyevin strateji baxışının davamı kimi dəyərləndirilə bilər. Güclü ordu, müstəqil siyasət, çevik diplomatiya və milli maraqların üstün tutulması - bütün bunlar onun qoyduğu əsaslar üzərində inkişaf edib və bu gün Azərbaycanın regional güc mərkəzinə çevrilməsi ilə nəticələnib.
Xarici siyasət kursunda Heydər Əliyevin irsi daha qabarıq görünür. O, Azərbaycanın çoxşaxəli, praqmatik və müstəqil diplomatiya xəttinin banisidir. Bu xəttin əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycan heç bir blokda təmsil olunmayan, lakin bütün qlobal oyunçularla əməkdaşlıq edən etibarlı tərəfdaş kimi formalaşdırılıb. Enerji diplomatiyasının qurulması, Bakı-Tbilisi-Ceyhan kimi strateji layihələrin həyata keçirilməsi, Azərbaycanın regional və qlobal enerji təhlükəsizliyində aparıcı mövqeyə yüksəlməsi məhz ulu öndərin müəyyən etdiyi strateji xəttin nəticəsidir. Bu gün də həmin siyasət dəyişməz olaraq davam edir və Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsinə xidmət edir.
Heydər Əliyevin idarəçilik fəlsəfəsi müasir mərhələdə də dövlətin bütün sferalarında əsas prinsip kimi qəbul olunur. Onun “güclü dövlət - güclü xalq” konsepsiyası Azərbaycanın siyasi sabitliyinin, sosial inkişafının, iqtisadi modernizasiyasının təməlini təşkil edir. Büdcə intizamı, uzunmüddətli inkişaf strategiyaları, idarəetmədə davamlılıq, dövlət institutlarının möhkəmləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi kimi prioritetlər bu gün də ölkənin milli inkişaf kursunun əsas istiqamətləridir. Heydər Əliyevin siyasi irsi təkcə tarixi bir yaddaş deyil, həm də bu gün Azərbaycan dövlətçiliyini idarə edən konseptual xəttdir. Regional təhlükəsizlikdən tutmuş qlobal siyasətə, milli inkişafdan strateji idarəçiliyə qədər bütün sahələrdə ulu öndərin müəyyən etdiyi strategiya müasir çağırışlara uyğun şəkildə inkişaf etdirilərək öz aktuallığını qoruyur və Azərbaycanın daha güclü, daha dayanıqlı dövlət kimi formalaşmasına xidmət edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB