TDT yeni geosiyasi reallıqlar fonunda inteqrasiyanı dərinləşdirir

Türk Dövlətləri Təşkilati (TDT) qurulduğu gündən etibarən Türk dünyasında siyasi, iqtisadi və institusional inteqrasiyanı möhkəmləndirmək istiqamətində ardıcıl və mərhələli addımlar atır. Regional və qlobal proseslərin sürətlə dəyişdiyi müasir beynəlxalq mühitdə TDT həm liderlər, həm nazirlər, həm də vətəndaş cəmiyyəti platformalarında daha sıx koordinasiyanı təmin etməklə çevik əməkdaşlıq modelini formalaşdırır.

SİA-nın əldə etdiyi məlumata görə, bu fikirləri türkiyəli politoloq İsmayıl Cingöz bildirib.

Onun sözlərinə görə, təşkilatın fəaliyyət fəlsəfəsinin əsasını Türk dünyasında birlik və həmrəyliyin möhkəmləndirilməsi, qarşılıqlı inteqrasiyanın dərinləşdirilməsi və birgə güclənmə strategiyası təşkil edir.

“TDT-nin “2040 Türk Dünyası Vizyonu” yeni dünya sisteminin formalaşdığı bir mərhələdə təşkilatın Avrasiya geosiyasətinin tam mərkəzində mövqelənməsinə imkan verir. Türkistan–Cənubi Qafqaz–Anadolu xətti üç qitəni birləşdirən unikal coğrafi məkandır və türk dövlətlərinə həm iqtisadi, həm nəqliyyat, həm də siyasi baxımdan geniş imkanlar açır. Macarıstanın təşkilatla əməkdaşlığı isə Türk dünyasının Avropaya inteqrasiyasını daha da sürətləndirir”.

Politoloq bildirib ki, Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Qars, Qars–İğdır istiqamətlərinin yaratdığı enerji və nəqliyyat xətləri, habelə gələcəkdə Zəngəzur dəhlizinin işə düşməsi Türk dünyasının qlobal ticarət şəbəkələri ilə əlaqələrini əsaslı şəkildə gücləndirəcək. Türkmənistan qazının, Qazaxıstanın enerji resurslarının və Türk dünyasının digər yeraltı, yerüstü sərvətlərinin bu dəhliz vasitəsilə dünya bazarlarına çıxışı təşkilat məkanını Avrasiyanın mühüm enerji-logistika mərkəzlərindən birinə çevirəcək. Pekin–London marşrutu üzrə Dəmir İpək Yolu və Orta Dəhliz təşəbbüsləri də türk dövlətləri üçün yeni imkanlar yaradır və regionun rəqabət qabiliyyətini artırır.

İsmayıl Cingözü qeyd edib ki, bu gün Cənubi Qafqaz, Mərkəzi Asiya, Rusiya, Avropa və ABŞ arasındakı geosiyasi proseslərin mühüm hissəsi Türkistan coğrafiyasında cəmlənir. Yeni dünya sistemində bu bölgə yüksələn strateji gücə çevrilir və qlobal aktorların intensiv nüfuz mübarizəsi apardığı mühüm geosiyasi məkandır.

“Belə bir şəraitdə Türk Dövlətləri Təşkilatının üzərinə düşən əsas vəzifə həm böyük güclərin imkanlarından doğru istifadə etmək, həm də onların hegemon təsiri altına düşmədən birlikdə hərəkət etməkdir. Məhz bu səbəbdən TDT çərçivəsində liderlərin, nazirlərin və ictimai institutların koordinasiyalı fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir”.

Son olaraq politoloq qeyd edib ki, qarşıdakı onilliklər ərzində TDT-nin Avrasiya məkanında “üçüncü strateji qütb” kimi formalaşması real perspektivdir: “Türk dünyasının yeni dünya sisteminin tam mərkəzində yerləşməsi, zəngin yeraltı və yerüstü resursları, təhlükəsiz ticarət yolları üzərində yerləşməsi və regional sabitlik üçün daşıdığı əhəmiyyət təşkilatın qlobal miqyasda nüfuzunu artıran əsas amillərdəndir. Türk Dövlətləri Təşkilatının ardıcıl şəkildə həyata keçirdiyi əməkdaşlıq siyasəti Türk dünyasının gələcək inkişafının strateji dayağı olacaq və qarşıdakı dövrdə regionun qlobal güc mərkəzlərindən birinə çevrilməsinə ciddi töhfə verəcək”, - deyə ekspert vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə