Ukrayna üçün pis sonluq....

Mətləb Salahov: “Əgər 28 bəndlik planında bu müddəalar yer alırsa, o zaman hər şeyin Ukrayna üçün pis sonluqla bitəcəyi göz qabağındadır”

“Ukrayna ətrafında baş verənlər artıq dramatik sonluğa yaxınlaşır. Cenevrədə sülh planı barədə keçirilən müzakirələrdə olduqca gərgin mühitin olması da dediklərimizi təsdiq edir. ABŞ-ın təqdim etdiyi və 28 bənddən ibarət sülh planı artıq rəsmi Kiyevə təqdim edilib və ABŞ açıq-aşkar bu planın qəbulu üçün Ukraynaya təzyiqləri artırır”.
Bu fikirləri SİA-ya şərhində jurnalist-ekspert Mətləb Salahov bildirib. O qeyd edib ki, dünyadakı münaqişələrin həlli üçün bütün təşəbbüsləri əlində cəmləşdirən D.Tramp, var gücü ilə Ukrayna ətrafında müharibəni məhz özünün hakimiyyəti dövründə həll etməyi planlaşdırır: “Bəs bu 28 bəndlik Vaşinqton planına nələr daxildir? Qərb mediasının gün üzünə çıxardığı Amerika planına görə, ABŞ və digər ölkələrdən Krım, Donbas və Ukraynanın vermək məcburiyyətində qalacağı digər ərazilər üzərində Rusiyanın suverenliyini tanıması tələb olunacaq. Bunun müqabilində Kiyev Amerika və Avropa təhlükəsizlik zəmanətləri alacaq. Ukrayna qoşunlarının çıxarıldığı ərazilərdə demilitarizasiya zonası yaradılmalıdır.
Bundan başqa, Xerson və Zaporojye vilayətlərində münaqişə tərəfləri arasında təmas xətti dondurulacaq, Rusiya isə bəzi əraziləri Ukraynaya qaytarmağa məcbur olacaq. Ukrayna ordusu xeyli ixtisar ediləcək və uzaqmənzilli silahlardan məhrum ediləcək. Ölkədə xarici qoşunların yerləşdirilməsi qadağan olunacaq, rus dili rəsmi dilə çevriləcək.
Əgər 28 bəndlik planda bu müddəalar yer alırsa, o zaman hər şeyin Ukrayna üçün pis sonluqla bitəcəyi göz qabağındadır. İtirilən ərazilərlə yanaşı, ən dəhşətlisi rus dilinin rəsmi dövlət dili elan olunması ukraynalılar üçün ağlasığmaz məsələdir. Bu baş verəcəkmi? Çox yəqin ki, bütün bunlara şahid olmaq üçün ən geci bir ay gözləməli olacayıq”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə