TÜRKPA Baş katibi və ATƏT PA Baş katibi arasında görüş keçirilib

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən ATƏT Parlament Assambleyasının (ATƏT PA) Baş katibi Roberto Montella ilə görüşüb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, İstanbulda keçirilən ATƏT PA-nın 23-cü payız sessiyası çərçivəsində baş tutan görüşdə Baş katib iki qurum arasında uzunmüddətli əməkdaşlığı xatırladıb.

Tərəflər həmçinin regional sülh və dialoq məsələləri üzrə fikir mübadiləsi aparıblar. Baş katib Vaşinqtonda qəbul edilmiş tarixi qərarın və Azərbaycan ilə Ermənistan arasında sülhün irəliləməsinin TÜRKPA və ATƏT PA arasında əməkdaşlıq üçün yeni bir mühit yaradacağına əminliyini də ifadə edib.

Ramil Həsən TÜRKPA-nın ATƏT PA-da müşahidəçi statusunun əldə edilməsi üçün üzv dövlətlərin bütün zəruri prosedur addımlarını atacağını və TÜRKPA Beynəlxalq Katibliyinin öz səlahiyyətləri çərçivəsində tam dəstək göstərməyə hazır olduğunu bildirib.

Bundan əlavə, Baş katib “TÜRKPA +” çərçivəsində əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini qeyd edib. Bildirib ki, bu məsələyə dair mühüm qərarlar Türk Dövlətləri Təşkilatının (TDT) Qəbələdə keçirilmiş son Zirvə toplantısında qəbul edilib. O, bu qərarların TDT-nin parlament ölçüsü olan TÜRKPA-ya da birbaşa aid olduğunu ifadə edib.

Baş katib Roberto Montella ATƏT PA və TÜRKPA münasibətlərində yeni bir mərhələnin açılışından məmnunluğunu ifadə edərək qurumların səlahiyyətləri çərçivəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O TÜRKPA-nın uzun illər ATƏT PA-da qonaq qismində iştirak etdiyini ifadə edərək və iştirakın müşahidəçi statusu səviyyəsinə qaldırılması niyyətini yüksək qiymətləndirdiyini bildirib. Montella Baş katibin səlahiyyətləri çərçivəsində bu prosesə dəstək olmaq üçün tövsiyələr verərək köməklik göstərməyə hazır olduğunu bildirib.

ATƏT PA Baş katibi, həmçinin iki parlament assambleyası arasında ikitərəfli əməkdaşlığın geniş bölgəyə müsbət töhfə verəcəyini qeyd edərək gələcəkdə birgə layihələr və proqramlar üzərində işləməyə hazır olduğunu ifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə