"Azərbaycan-ABŞ münasibətləri yeni mərhələyə qədəm qoyub" - ŞƏRH EDİLDİ

"ABŞ prezidenti Donald Tramp xarici siyasətdə çox mühüm addımlar atır və qlobal sülhün, təhlükəsizliyin, sabitliyin əldə olunmasına çalışır. Bu baxımdan bir sıra mühüm münaqişələrin həlli üçün ABŞ lideri addımlar atıb". Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Onun sözlərinə görə, artıq çoxsaylı münaqişələrin həllinə dair razılaşmalar da əldə olunub:

"Biz bura cari ilin 8 avqustunda Ağ evdə Azərbaycan ilə Ermənistan arasında keçirilən görüşləri, imzalanan sənədləri nümunə göstərə bilərik. Ümumiyyətlə, Donald Trampın geosiyasi yanaşması əsasən ABŞ-nin dünyadakı mövqeyinin möhkəmləndirilməsinə, regional münaqişələrin miqyasının azaldılmasına və bu münaqişələrin diplomatik vasitələrlə həllinə yönəlmişdi. Eyni zamanda, ABŞ iqtisadiyyatının gücləndirilməsi, strateji tərəfdaşlıqların genişləndirilməsi və beynəlxalq müstəvidə ABŞ-in nüfuzunun artırılması da Trampın əsas prioritetlərindən biri olmuşdur. Atılan bu addımlar bir sıra regionlarda, o cümlədən Cənubi Qafqazda da mühüm nəticələrə gətirib çıxarıb. Azərbaycan-ABŞ münasibətləri də məhz bu dövrdə yeni mərhələyə qədəm qoymuşdur. Strateji tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində ardıcıl səylər göstərilmiş, ikitərəfli əlaqələr müxtəlif sahələrdə dərinləşdirilmişdir. Hazırda Azərbaycan ilə ABŞ arasında “Strateji Tərəfdaşlıq Xartiyası”nın hazırlanması istiqamətində işlər aparılır. Bu sənəd hər iki ölkənin qarşılıqlı maraqlarını əks etdirən, gələcək əməkdaşlığın əsas istiqamətlərini müəyyən edən mühüm siyasi sənəd olacaq. Bununla yanaşı, son illərdə ictimai diplomatiyanın və beyin mərkəzləri arasında əməkdaşlığın inkişaf etdirilməsi də xüsusi aktuallıq kəsb edir. Bakı şəhərində keçirilmiş Azərbaycan və ABŞ beyin mərkəzlərinin birinci forumu bu baxımdan əlamətdar hadisədir. Həmin forumda iki ölkənin aparıcı intellektual institutları arasında qarşılıqlı fikir mübadiləsi aparılmış, gələcək birgə layihələr müzakirə olunmuşdur. Hesab edirəm ki, beyin mərkəzlərinin bu cür yaxınlığı və əməkdaşlığı yalnız elmi-analitik mühitin deyil, həm də dövlətlərarası münasibətlərin inkişafında mühüm rol oynayacaq. Bu platformalar vasitəsilə formalaşan təkliflər və analizlər ölkələr arasında strateji məsələlərin daha effektiv şəkildə həllinə töhfə verə bilər".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə