“Azərbaycanın Mərkəzi Asiyada tamhüquqlu iştirakı regional siyasətdə yeni mərhələ açır” - POLİTOLOQ ŞƏRH ETDİ
"Azərbaycanın Mərkəzi Asiya ölkələrinin əməkdaşlıq və məsləhətləşmə formatına tamhüquqlu üzv kimi qoşulması regionun geosiyasi mənzərəsində mühüm dəyişikliklərə səbəb olan strateji addımdır. Bu qərar təkcə diplomatik çərçivənin genişlənməsi deyil, həm də Azərbaycanın çoxqütblü dünyada öz mövqeyini gücləndirmək istiqamətində atdığı strateji addımların məntiqi davamıdır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Polad Mehdiyev deyib.
Onun sözlərinə görə, Azərbaycan tarixi, mədəni və etnik bağlara malik olduğu Mərkəzi Asiya ölkələri ilə uzun illərdir sıx əməkdaşlıq edir: "Lakin bu platformaya tamhüquqlu üzv kimi daxil olmaq Azərbaycanın artıq təkcə tərəfdaş deyil, regional qərarların formalaşdırılmasında birbaşa iştirak edən aktor statusunu təsdiqləyir. Bu, Azərbaycanın siyasi çəkisini artırmaqla yanaşı, Türk Dövlətləri Təşkilatı daxilində də həmrəyliyi daha güclü formaya gətirir. Geosiyasi baxımdan isə Azərbaycanın bu formata qoşulması Orta Dəhliz və Zəngəzur dəhlizi kimi qlobal nəqliyyat layihələrinin həyata keçirilməsinə ciddi təkan verir. Belə ki, Mərkəzi Asiya - Xəzər - Cənubi Qafqaz - Türkiyə xətti Avrasiyanın ən perspektivli ticarət marşrutu kimi formalaşır və Azərbaycan bu marşrutun əsas strateji mərkəzlərindən birinə çevrilir. Bu isə ölkəmizə tranzit, logistika və enerji sahələrində böyük iqtisadi dividendlər qazandırır. Azərbaycan artıq regionda balans yaradan, münaqişələrin həlli və təhlükəsizlik məsələlərində nüfuzlu söz sahibinə çevrilir. Bu format çərçivəsində ölkələr arasında koordinasiya və məsləhətləşmələr regionda sabitliyin möhkəmlənməsinə, habelə xarici təsirlərə qarşı kollektiv müqavimətin artırılmasına xidmət edir. Azərbaycanın bu platformada iştirakı həm Mərkəzi Asiya ölkələrinin Cənubi Qafqaza inteqrasiyasını gücləndirir, həm də ölkəmizin diplomatik çevikliyini artırır.
Azərbaycan Mərkəzi Asiya ilə ticarət dövriyyəsini genişləndirmək, enerji, nəqliyyat, aqrar sektor, sənaye əməkdaşlığı və rəqəmsal iqtisadiyyat sahələrində yeni layihələr gerçəkləşdirmək imkanları əldə edir. Xüsusilə, yaşıl enerji və nəqliyyat şəbəkələrinin genişləndirilməsi istiqamətində aparılan işlər Azərbaycanın regional enerji qovşağı rolunu daha da möhkəmləndirir. Nəhayət, bu formatda tamhüquqlu iştirak Azərbaycanın beynəlxalq imicinə də mühüm töhfə verir. Bu addım göstərir ki, Azərbaycan təkcə Cənubi Qafqazın deyil, bütövlükdə Avrasiyanın aparıcı dövlətlərindən biri kimi qəbul olunur və regional siyasətin formalaşdırılmasında söz sahibidir. Azərbaycanın Mərkəzi Asiya əməkdaşlıq platformasında tamhüquqlu üzvlüyü həm siyasi nüfuzunu artırır, həm iqtisadi imkanlarını genişləndirir, həm də geostrateji mövqeyini daha da möhkəmləndirir. Bu, ölkəmizin regional liderlik iddiasını təsdiq edən mühüm tarixi addımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB