"Böyük Qayıdış proqramının legitimliyini və sosial əsasını daha da gücləndirir" - POLİTOLOQ ŞƏRH ETDİ

"Horovlu kəndinə köçürülmə prosesi Böyük Qayıdış proqramının mühüm mərhələlərindən biri kimi qiymətləndirilir və bu addım bir neçə strateji hədəfə xidmət edir. İlk növbədə, işğaldan azad edilmiş ərazilərə mülki əhalinin mərhələli şəkildə qaytarılması dövlətin bölgədə demoqrafik tarazlığı bərpa etmək, uzun illər boş qalmış yaşayış sahələrini dirçəltmək və həyatın normal axarını təmin etmək istiqamətində apardığı siyasətin davamıdır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, Horovlu kəndinə 37 ailənin - 160 nəfərin köçürülməsi təkcə sosial akt deyil, həm də siyasi və strateji əhəmiyyət daşıyan prosesdir: "Bir tərəfdən, bu köç dalğası regionda sosial-iqtisadi fəallığın yenidən formalaşmasına şərait yaradır. İnsanların geri qayıtması kənd təsərrüfatının bərpası, xidmət sektorunun inkişafı, yeni iş yerlərinin açılması və yerli iqtisadiyyatın canlanması deməkdir. Bu isə Böyük Qayıdışın əsas prioritetlərindən biri olan dayanıqlı inkişaf modelinin həyata keçirilməsinə xidmət edir. Digər tərəfdən, bölgədə davamlı yaşayışın təmin olunması təhlükəsizlik mexanizmlərini daha möhkəm edir. Mülki əhalinin yerləşməsi, infrastrukturun bərpası və dövlət qurumlarının fəaliyyətə başlaması həmin ərazilərin tam reinteqrasiyasını sürətləndirir. Bu, həmçinin dövlət suverenliyinin praktik tətbiqi və sərhədyanı məkanlarda sabitliyin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Siyasi baxımdan, Horovluya köçürülən ailələrin dövlət başçısına və Birinci vitse-prezidentə minnətdarlıq ifadələri, eləcə də Ordunun rəşadətinin qeyd olunması cəmiyyətin bu prosesə olan yekdil dəstəyini göstərir. Bu dəstək, Böyük Qayıdış proqramının legitimliyini və sosial əsasını daha da gücləndirir. Horovlu kimi kəndlərə ailələrin yerləşdirilməsi işğaldan azad olunmuş ərazilərdə sosial reinteqrasiyanın dərinləşməsi, icma həyatının bərpası və psixoloji mühitin sağlamlaşması baxımından mühüm təsir göstərir. Uzun illər doğma yurddan uzaqda yaşayan insanların yenidən öz evlərinə qayıtması həm humanitar, həm də milli-mənəvi baxımdan prosesin hədəflərinə tam uyğun gəlir.

Horovlu kəndinə köçürmə addımı Böyük Qayıdış proqramının təkcə texniki mərhələsi deyil, həm də strateji güc mərkəzi rolunu oynayan genişmiqyaslı reinteqrasiya siyasətinin tərkib hissəsidir".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə