“Mərkəzi Asiya dövlətləri ilə əlaqələr ən yüksək mərhələyə çatıb” - ŞƏRH OLUNDU

“Azərbaycan dövləti beynəlxalq əhəmiyyətli tədbirlərdə və çoxtərəfli görüşlərdə iştirak etməyi öz milli maraqlarının müdafiəsi və regional əməkdaşlığın genişləndirilməsi baxımından strateji vaciblik kimi qiymətləndirir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev bildirib.

Komitə sədiri qeyd etdi ki, bu tədbirlər ölkənin qarşıya qoyduğu məqsədləri müəyyənləşdirməyə, yeni regional təşəbbüslər irəli sürməyə və mövcud əməkdaşlıq mexanizmlərini daha da inkişaf etdirməyə geniş imkan yaradır:

“Son illər Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında münasibətlər nəzərəçarpacaq dərəcədə güclənmiş, əməkdaşlıq müxtəlif sahələr üzrə dinamik xarakter almışdır. Azərbaycanı bu regionla birləşdirən tarixi, mədəni və mənəvi bağlar bu əlaqələrin təməlinin qədim olduğunu göstərir. Məhz bu səbəbdən qardaş ölkələrlə milli ənənələrə əsaslanan münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın milli maraqlarına tam uyğundur və ölkənin gələcək inkişaf perspektivləri üçün mühüm əhəmiyyət daşıyır.

Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasət nəticəsində Mərkəzi Asiya dövlətləri ilə əlaqələr ən yüksək mərhələyə çatmış və artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Bu əməkdaşlıq təkcə siyasi münasibətlərlə məhdudlaşmır, həm iqtisadiyyat, ticarət, energetika, mədəniyyət, turizm, elm, kənd təsərrüfatı, həm də təhlükəsizlik və hərbi sahələr üzrə genişlənməkdədir. Dövlət başçılarının qarşılıqlı səfərləri, yüksək səviyyəli görüşlər və imzalanan sənədlər bu tərəfdaşlığın ardıcıl şəkildə dərinləşdirildiyini təsdiqləyir.

Azərbaycan Prezidentinin Mərkəzi Asiya dövlət başçılarının VII Məşvərət Görüşünə dəvət edilməsi və bu formata qoşulması ölkəmizin regionda artan nüfuzunun göstəricisidir. Prezident İlham Əliyevin həmin tədbirdə çıxışı zamanı Özbəkistan rəhbərliyinə minnətdarlıq bildirməsi, həmçinin Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın yüksək qiymətləndirilməsi bu münasibətlərin gələcəkdə daha da genişlənəcəyinə dair inamı ifadə edir.

Görüş zamanı qeyd edilən əsas məqamlardan biri Şərqlə Qərbi birləşdirən Orta Dəhlizin iqtisadi və geosiyasi əhəmiyyəti olmuşdur. Azərbaycanın tranzit potensialı, Bakı–Tbilisi dəmir yolu xəttinin imkanları, Ələt Beynəlxalq Dəniz Limanının funksionallığı və regiondan keçən yükdaşımaların artması ölkəmizin mühüm nəqliyyat qovşağına çevrildiyini göstərir. Yükdaşımaların 90%-dən çox artması Azərbaycanın logistika imkanlarının real nəticələr verməyə başladığını sübut edir. Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə 15 milyon ton əlavə yükdaşıma gücünə malik xəttin Orta Dəhlizə birləşdirilməsi regional iqtisadi əməkdaşlığa yeni dinamika gətirəcək.

Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas məqsədlərdən biri təkcə iqtisadi tərəfdaşlığı genişləndirmək deyil, həm də regionda sülhün, təhlükəsizliyin və qardaşlığın möhkəmləndirilməsinə töhfə verməkdir. VII Məşvərət Görüşü bir daha göstərdi ki, Mərkəzi Asiya ölkələri ilə Cənubi Qafqaz arasında yeni geosiyasi və geoiqtisadi platforma formalaşmaqdadır. Bu isə dostluğun, qardaşlığın və gələcək inkişafın vacib göstəricisidir.

Azərbaycanın bu strateji formata qoşulması və Mərkəzi Asiya dövlətləri ilə birgə platformalarda iştirak etməsi ölkənin regional nüfuzunun artmasının, həyata keçirilən xarici siyasətin uğurla qiymətləndirilməsinin və milli maraqların ardıcıl şəkildə təmin olunmasının bariz nümunəsidir. Bütün bunlar həm ölkəmiz, həm də region dövlətləri üçün geniş perspektivlər açır və gələcək əməkdaşlıq üçün möhkəm zəmin yaradır”.

Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə