Rusiyalı professor: Azərbaycan regionda təhlükəsizliyin qarantına çevrilir

Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin Beynəlxalq biznes kafedrasının professoru, Rusiya Rektorlar Şurasının üzvü Aleksey Xarlanov hesab edir ki, “Şimal-Cənub” nəqliyyat dəhlizi Cənubi Qafqazın inkişafı üçün yeni məntiq formalaşdırır və Azərbaycanın strateji rolunu gücləndirir.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, A.Xarlanovun sözlərinə görə, bu gün “Şimal-Cənub” dəhlizi risklərin qarşısının alınması və bütün regional arxitekturanın dəyişdirilməsi üçün mühüm bir alət kimi çıxış edir.

“Bu dəhliz nəqliyyat axınlarını yenidən bölüşdürməyə və mövcud marşrutlardan asılılığı azaltmağa imkan verir. Xüsusi qeyd etmək lazımdır ki, bu gün dörd ölkə – Azərbaycan, Rusiya, Qazaxıstan və Türkiyə Türkmənistanla birlikdə onu ən strateji əhəmiyyətli dəhliz kimi qiymətləndirə bilər və bu dəhliz Rusiya və Azərbaycanın gələcək inkişafı ilə bağlı məsələlərin həllinə imkan yaradır”, - deyə ekspert qeyd edib.

Azərbaycanın Avrasiyanın logistika sistemində mərkəzi mövqe tutduğunu vurğulayan professor bildirib ki, ölkə ərazisinin böyük hissəsi əsas logistika zonasıdır.

“Məhz bu zona yeni axınların yaradılmasını və yük dövriyyəsinin artımını təmin edə bilər. 2027-ci ildə biz 15 milyon tona qədər, 2030-cu ildə isə təqribən 20 milyon ton yük axını gözləyirik”, - deyə ekspert məlumat verib.

2023-cü il oktyabrın 13-də Bakıda nəqliyyat, energetika və gömrük sahəsində əməkdaşlıq məsələlərinə həsr olunmuş üçtərəfli görüşün nəticələrini dəyərləndirən professor bildirib ki, tərəflər sabitliyə can atmaqda birlik nümayiş etdirirlər: “Bütün iştirakçılar sülh yolu ilə inkişafdа maraqlıdırlar. Artan riskləri nəzərə alaraq, formalaşan infrastruktur təhlükəsizlik və logistikanın əsas elementi olur”.

A.Xarlanov, həmçinin Azərbaycanın geniş Avrasiya konfiqurasiyasındakı rolunu vurğulayıb: “Rusiya bu gün yeni marşrut modelini formalaşdırır və bu modeldə Azərbaycan aparıcı rollardan birini oynayır. Bakının çoxvektorlu enerji və logistika siyasəti geosiyasi risklərin qarşısını almağa və dəhlizləri real yüklərlə dolduran yeni ticarət tərəfdaşlarını cəlb etməyə imkan verir”, - deyə o bildirib.

Trans-Xəzər və Zəngəzur istiqamətlərindən danışan ekspert onların artan əhəmiyyətini qeyd edib: “Azərbaycan regionda təhlükəsizliyin qarantına çevrilir. Cənubi Qafqaz Azərbaycan və Rusiya əməkdaşlığı sayəsində formalaşan yeni Avrasiya arxitekturasına daxil olur”.

Professor Azərbaycanın “yumşaq güc”ünün təsirini də xüsusi vurğulayıb. “Ölkənin logistika arxitekturası Mərkəzi Asiya, Qafqaz və Avropaya Azərbaycanın “yumşaq güc”ünü nəzərə almağa imkan verir. İbrahim İbrahimovun “Effektiv təsir strategiyası. 21-ci əsrdə Azərbaycanın xarici siyasəti, “yumşaq gücü” və enerji diplomatiyası” adlı kitabında qeyd etdiyi bu “yumşaq güc” Avrasiya problemlərinin həllinə, Aİ ilə ziddiyyətlərin yumşaldılmasına və enerji tədarükü üçün alternativ marşrutların formalaşdırılmasına kömək edir”, - deyə alim qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə