Şimali Kiprin müstəqilliyinin 42-ci ildönümü münasibətilə tədbir... -YENİLƏNİB

Şimali Kipr Türk Respublikasının (ŞKTR) müstəqilliyinin 42-ci ildönümü münasibətilə noyabrın 13-də Bakıda tədbir təşkil edilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbirdə əvvəlcə Mustafa Kamal Atatürkün və iki qardaş ölkənin şəhidlərinin, eləcə də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması nəticəsində həlak olmuş hərbçilərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Azərbaycanın Dövlət Himni və İstiqlal Marşı səsləndirilib.

Daha sonra çıxış edən Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri xanım Ufuk Turganer xalqımızı və qəhrəman Azərbaycan Ordusunu 5 il əvvəl qazanılmış Qarabağ Zəfəri münasibətilə təbrik edərək deyib: “Prezident İlham Əliyevin liderliyi ilə birlik olan Azərbaycan xalqının şanlı Qələbəsi bizim üçün böyük fəxr mənbəyidir”.

O qeyd edib ki, parlamentlərimiz arasındakı dostluq qrupları fəaliyyətə başladığı gündən etibarən çox məhsuldar və səmərəli çalışırlar.

“Cənubi Qafqazın sülhün və sabitliyin hökm sürdüyü bir coğrafiyaya çevrilməsi üçün bütün tərəflərin hüquqlara və qanunlara hörmət göstərməsi vacibdir. Böyük türk millətinin ayrılmaz hissəsi olan Kipr türkü olaraq, dövlətimizin və Ana Vətənimiz Türkiyənin dəstəyi ilə daha da güclənməyə, əzmlə və qərarlılıqla irəliləməyə davam edirik. Ana Vətənimizin güclü siyasəti və iradəsi Şərqi Aralıq dənizində və yaşadığımız torpaqlarda qanuni haqlarımızın və maraqlarımızın ən böyük təminatıdır. Bu duyğularla biz Türkiyəyə, Türk Silahlı Qüvvələrinə və Kipr Türk Sülh Qüvvələri Komandanlığına etibar edirik”, - deyə U.Turganer vurğulayıb.

Azərbaycan-Şimali Kipr Türk Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Cavanşir Feyziyev bildirib ki, Kipr türkü sülh və əmin-amanlıq yolunda müstəqillik mübarizəsini qətiyyətlə davam etdirir. Kipr Türk dünyası tarixində birlik və azadlıq uğrunda mübarizənin önəmli simalarından biridir. Müstəqilliyin elan edilməsindən bəri Kipr siyasi və iqtisadi çətinliklərə baxmayaraq, qətiyyətlə dayanıb, qardaş Türkiyənin davamlı dəstəyi ilə inkişaf edib və regional sabitliyə töhfə verib. O vurğulayıb ki, 2004-cü il referendumundan sonra Şimali Kipr bəzi Qərb dövlətlərinin haqsız və ayrı-seçkilik siyasəti ilə üzləşməsinə baxmayaraq, türk dövlətləri ilə əməkdaşlığı gücləndirməyə davam edir: “2023-cü ildə Səmərqənd zirvə görüşündə Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv qəbul olunması, 2024-cü il Şuşa zirvəsi və 2025-ci il Qəbələ zirvəsində iştirakı, eləcə də beynəlxalq tədbirlərdə bayrağın dalğalanması türk birliyinin və həmrəyliyinin bariz nümunəsidir”.

Çıxışlardan sonra tədbir ziyafətlə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə