Tbilisidə Zəfər Günü qeyd olunub

Noyabrın 6-da Tbilisidə Şota Rustaveli adına Milli Teatrda 8 Noyabr - Zəfər Günü münasibətilə bayram tədbiri keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.

Bayram konsertini Azərbaycan və Gürcüstan parlamentlərinin deputatları, Qazaxıstanın və Türkmənistanın səfirləri, Türkiyə səfirliyinin əməkdaşları, hər iki ölkənin dövlət və hökumət rəsmiləri, SOCAR-ın Gürcüstan nümayəndəliyinin, AZEBİ-nin rəhbərliyi və üzvləri, icma üzvləri, ictimaiyyət nümayəndələri izləyiblər.

Tədbirdə əvvəlcə “Zəfərə aparan yol” sənədli filmi nümayiş etdirilib.

Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev çıxış edərək dövlətimizin sülhsevər siyasəti, torpaqlarımızın işğaldan azad olunması üçün atılmış bütün diplomatik addımlar barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan dövləti sülh siyasəti ilə yanaşı ordu quruculuğu istiqamətində çox böyük işlər görüb. Məhz ordu quruculuğu istiqamətində həyata keçirilən irimiqyaslı islahatlar nəticəsində 2020-ci ildə 44 günlük Vətən müharibəsində böyük qələbə əldə olunub. Bu gün biz 5-ci ildir ki, noyabrın 8-ni Zəfər Günü kimi qeyd edirik. Diplomat, həmçinin Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli və prinsipial rəhbərliyi altında 44 günlük Vətən müharibəsində əldə olunan Qələbənin dövlətçiliyimiz tarixindəki əhəmiyyətindən, azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindən söz açıb.

O, müharibə zamanı Gürcüstanda yaşayan soydaşlarımızın Azərbaycana göstərdiyi böyük maddi və mənəvi dəstəyi yüksək qiymətləndirərək təşəkkür edib.

Daha sonra çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyov müharibə dövründə xalqımızın və dünya azərbaycanlılarının birliyindən danışıb, şanlı Zəfərimizin xalqımızın əzmini və tarixi ədalətin təntənəsini təcəssüm etdirdiyini bildirib. Sədr müavini çıxışında Dövlət Komitəsinin layihələri və dəstəyi ilə dünyanın müxtəlif ölkələrində həyata keçirilən irimiqyaslı tədbirlər barədə məlumat verib. O vurğulayıb ki, Azərbaycanın parlaq qələbəsi nəticəsində ölkəmizin dövlət suverenliyi bərpa olunub.

Milli Məclisin deputatı, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev qələbənin əldə olunmasında xalqla dövlətin birliyinin mühüm əhəmiyyətini qeyd edib. Eyni zamanda, Azərbaycan-Gürcüstan münasibətləri barədə danışıb. Müharibə dövründə Gürcüstan dövlətinin hava məkanını bağlamasını yüksək qiymətləndirib. Arzu Nağıyev şanlı Zəfərimizin xalqımızın əzmini və tarixi ədalətin təntənəsini təcəssüm etdirdiyini bildirib.

“Zəfər Günü bizim üçün qürur və məsuliyyətdir”, - deyə deputat vurğulayıb.

Sonra tədbir konsert proqramı ilə davam edib. Müğənni Zamiq Hüseynov vətənpərvərlik mövzusunda mahnılarla, Gürcüstanın Dövlət Rəqs Akademiyasının “Erisioni” dövlət ansamblı rəqs nömrələri ilə çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə