"Prezident idarəetmədə peşəkarlığa əsaslanan yeni model formalaşdırır" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Prezident İlham Əliyevin son dövrlərdə həyata keçirdiyi kadr islahatları Azərbaycanın dövlət idarəçiliyinin müasir çağırışlara uyğunlaşdırılması və idarəetmə sisteminin daha çevik, şəffaf, məsuliyyətli modelə keçidi məqsədi daşıyır. Bu dəyişikliklər sadəcə şəxslərin rotasiyası deyil, dövlətin uzunmüddətli inkişaf strategiyasının bir hissəsidir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev artıq bir neçə ildir ki, idarəetmədə peşəkarlıq, innovativ düşüncə və gəncliyin fəallığına əsaslanan yeni model formalaşdırır. Son kadr dəyişiklikləri də bu istiqamətin davamıdır. Əsas məqsəd idarəetmədə dinamizmi artırmaq, qərarların qəbulunda çevikliyi təmin etmək və dövlət xidmətlərinin keyfiyyətini yüksəltməkdir. Bu islahatlar göstərir ki, Azərbaycan rəhbərliyi köhnə inzibati düşüncə tərzindən uzaqlaşaraq nəticəyönümlü idarəetməni prioritet elan edib: "Yeni təyinatlarda diqqətçəkən əsas məqam peşəkarlıq və institusional məsuliyyət prinsipidir. Artıq vəzifələrə şəxsi sadiqlik deyil, effektiv fəaliyyət, müasir idarəetmə bacarıqları və nəticə yönümlülük əsas meyar kimi götürülür. Prezidentin çıxışlarında da bu açıq şəkildə görünür - dövlət strukturlarında hər kəsdən konkret nəticə, ictimai etimad və şəffaflıq tələb olunur. Bu, idarəetmə mədəniyyətinin keyfiyyətcə yeni mərhələyə keçməsi deməkdir. Kadr islahatları həm də regionların idarəçiliyində yeni mərhələnin başlanğıcıdır. Son illərdə yerli icra hakimiyyətlərində gənc, peşəkar kadrların irəli çəkilməsi dövlət siyasətinin insan yönümlü xarakterini gücləndirib. Regionlarda sosial rifahın, investisiya mühitinin və yerli təşəbbüslərin dəstəklənməsi yeni təyinatların prioritet istiqamətlərindən biridir. Bu da dövlət idarəçiliyində mərkəzdən bölgələrə doğru məsuliyyətin bölüşdürülməsi modelini formalaşdırır.

Aparılan islahatlar Azərbaycanın idarəetmə sistemini beynəlxalq standartlara yaxınlaşdırır. Hazırkı dəyişikliklər həm idarəetmə texnologiyalarının yenilənməsi, həm də dövlət aparatında səmərəliliyin artırılması baxımından mühüm mərhələdir. Bu islahatlar dövlət orqanlarının fəaliyyətini xalqın etimadına və ictimai nəzarətə daha açıq edir. Prezident İlham Əliyevin islahat yönümlü kursu göstərir ki, Azərbaycan gələcəyə baxan, çevik və effektiv idarəetmə modelinə doğru irəliləyir. Kadr islahatları yalnız struktur dəyişiklikləri deyil, həm də dövlətin idarəçilik fəlsəfəsinin yenilənməsidir. Bu proses nəticəsində formalaşan yeni nəsil dövlət məmurları artıq rəqəmsal dövrün tələblərinə uyğun düşünür, vətəndaş məmnunluğunu prioritet sayır və milli maraqlara xidmət edən praktiki idarəetmə modelini həyata keçirir. Bütün bunlar Azərbaycanın dayanıqlı inkişafını təmin edən əsas sütunlardan birinə çevrilir".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə