“Qarabağ və Şərqi Zəngəzur iqtisadi inkişaf drayverlərindən birinə çevriləcək” - DEPUTAT DANIŞDI
“Qarabağ və Şərqi Zəngəzur bölgələrimizdə aparılan bərpa, yenidənqurma və eyni zamanda məskunlaşma prosesi hazırda intensiv şəkildə həyata keçirilir. Ötən dövrdə, bu istiqamətdə görülən işlərə dövlət büdcəsindən ümumilikdə 22 milyard manatdan artıq vəsait ayrılıb. Yalnız 2025-ci il üçün isə 4 milyard manatdan artıq vəsait bu məqsədlə yönləndiriləcək”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.
Deputat bildirib ki, dövlət büdcəsi hesabına işğaldan azad olunmuş ərazilərimizin bərpası və yenidən qurulması prosesi məskunlaşmanın sürətlənməsinə şərait yaradır: “Artıq ötən müddət ərzində 50 minə yaxın vətəndaşımız bu ərazilərə qayıdıb, onlardan 16 mindən çoxu isə daimi məskunlaşmış keçmiş məcburi köçkünlərdir. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurda iqtisadi həyatın bərpası və reinteqrasiya prosesi də uğurla davam etdirilir. Həmin bölgələrdə yeni sənaye müəssisələrinin qurulması, infrastrukturun inkişafı müşahidə olunur. Bu isə, öz növbəsində, bu ərazilərin Azərbaycan iqtisadiyyatına töhfəsinin artmasına səbəb olur.
Növbəti mərhələdə Qarabağ və Şərqi Zəngəzurun ölkənin iqtisadi inkişaf drayverlərindən birinə çevriləcəyi gözlənilir. Artıq bu istiqamətdə görülən işlər sürətlə davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu ərazilərin bərpası və inkişafı prioritet istiqamətlərdən biri olaraq qalmaqdadır. Hədəf ondan ibarətdir ki, 2025-ci ilin sonuna qədər işğaldan azad edilmiş ərazilərdə 140 min vətəndaşımızın məskunlaşdırılması təmin edilsin."
Bütün xəbərlər Facebook səhifəmizdə