"Böyük Qayıdış Azərbaycanın iqtisadi gücünü artırır" - POLİTOLOQ DANIŞDI

"Böyük Qayıdış Proqramının həyata keçirilməsində bir neçə əsas məsələ – tərəfdaşlıq və xarici dəstək vacib amillərdəndir. Çünki tamamilə dağıdılmış regionların və rayonların bərpası, orada quruculuq işlərinin aparılması, sosial obyektlərin tikilməsi, yeni sənaye müəssisələrinin yaradılması, müasir texnoloji avadanlıqların gətirilməsi və turizmin inkişaf etdirilməsi istiqamətlərində beynəlxalq tərəfdaşlığa və xarici siyasət dəstəyinə ciddi ehtiyac var". Bu sözləri SİA-ya açıqlamasında Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan deyib.

Onun sözlərinə görə, bu dəstək həm humanitar məqsədlə – yəni yardım formasında, həm də birbaşa xarici sərmayə kimi bölgəyə yönəldilə bilər: "Eyni zamanda tikinti işlərinin sürətləndirilməsi üçün keçirilən tenderlərdə xarici şirkətlərin iştirakı da mümkündür.

Burada əsas risk amillərindən biri təhlükəsizlik məsələsidir. Xarici şirkətlərin işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərməsi üçün təhlükəsizlik zəmanəti, həmçinin onların Azərbaycan tərəfdaşları ilə əməkdaşlıq mexanizmləri ön plana çıxır. Nəticə etibarilə, bu əməkdaşlıq yeni imkanların açılmasına, beynəlxalq əlaqələrin genişlənməsinə və xarici sərmayənin artmasına şərait yaradır. Bütün bunlar isə Azərbaycanın iqtisadi inkişafına və Böyük Qayıdış Proqramının uğurla reallaşmasına mühüm töhfə verir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə