"Azərbaycan türk dünyasının diplomatik mərkəzinə çevrilir" - ŞƏRH EDİLDİ

"Qəbələdə bu gün keçirilən Türk Dövlətləri Təşkilatının zirvə görüşündə bütün türk dilli dövlətlərin nümayəndə heyətləri iştirak edir. Bu, çox önəmli hadisədir – toplantıda tam heyətlə iştirak edirlər. Türkmənistan və Şimali Kipr Türk Respublikası müşahidəçi qismində, Macarıstanın Baş naziri Viktor Orban isə xüsusi qonaq kimi qatılıb. Bu fakt toplantının nə qədər böyük əhəmiyyət daşıdığını və beynəlxalq səviyyədə diqqət mərkəzində olduğunu göstərir". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib.

Siyasi şərhçi sözlərinə belə davam edir: "Toplantı “Regional sülh və təhlükəsizlik” mövzusunda keçirilir. Müasir dünyada mövcud olan mürəkkəb geosiyasi vəziyyətdə türk dövlətlərinin sülh və təhlükəsizlik məsələlərini birgə müzakirə etməsi olduqca vacibdir və günün çağırışlarına operativ cavab kimi qiymətləndirilir. Bu, həm regionun təhlükəsizliyi, həm də gələcək inkişafı və perspektivləri üçün mühüm əhəmiyyət kəsb edir.

Yeni dünya düzənində türk dövlətləri artıq ayrı-ayrılıqda deyil, bir təşkilat, bir coğrafiya və vahid bir güc mərkəzi kimi çıxış edirlər. Bu, onların beynəlxalq aləmdə çəkisini artırır, mövqelərini möhkəmləndirir və təsir dairəsini genişləndirir. Burada yalnız regional deyil, həm də qlobal məsələlərin müzakirə olunacağı gözlənilir. Bununla yanaşı, türk dilli olmayan, lakin təşkilata müxtəlif statuslarda qoşulmaq istəyən dövlətlərin iştirakı məsələsi də gündəmdədir. Bu, türk dünyasının coğrafiyasının genişlənməsinə, iqtisadi və siyasi inteqrasiyanın dərinləşməsinə töhfə verəcək mühüm amillərdəndir.

Azərbaycanda keçirilən bu zirvə görüşü tarixi xarakter daşıya bilər. Qəbul ediləcək bəyanatlar və qərarlar Türk Dövlətləri Təşkilatının gələcək inkişaf istiqamətlərini müəyyənləşdirəcək. Necə ki, təşkilatın əsası 2009-cu ildə Naxçıvanda qoyulmuşdu, bu gün qəbul ediləcək qərarlarla Azərbaycan yenidən təşkilatın fəaliyyətində mərkəzi mövqe qazana bilər.

Hesab edirəm ki, artıq türk dövlətləri konkret addımlar atmalı, iqtisadi, mədəni, siyasi və sosial inteqrasiyanı daha da gücləndirməli, əlaqələri geniş coğrafiyada dərinləşdirməlidirlər. Bu, təkcə türk dünyasının birliyinə deyil, həm də beynəlxalq sülhə və sabitliyə mühüm töhfə verəcək".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə