"Azərbaycan yaxşı anlayır ki, bəzən niyyətlər uzlaşmasa da belə,..." - ŞƏRH EDİLDİ
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Danimarkanın Baş naziri Mette Frederiksenin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısında iştirak etmək üçün Kopenhagenə səfəri yeni geosiyasi konfiqurasiyada qlobal mühitdə milli maraqlar naminə mühüm hadisədir". Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.
Onun sözlərinə görə, xüsusən ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə keçirilmiş Vaşinqton Sülh Sammitində əldə olunan razılaşmalar, o cümlədən Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Sazişin paraflanmasından sonra 7-ci Zirvə toplantısına dövlət başçımızın dəvət olunması və iştirakı Vətən müharibəsi və antiterror tədbirləri ilə yaratdığı yeni geosiyasi reallığın və bölgədə yeni konfiqurasiyanın Qərb qütbü tərəfindən birmənalı şəkildə qəbullanıldığını göstərməkdədir:
"Qütbləşmənin dərinləşdiyi və ayırıcı xətlərin daha aydın göründüyü bir zamanda Azərbaycanın istər geosiyasi, istər iqtisadi və ticari zəmində əməkdaşlıq körpüsü rolunu oynaması, habelə Orta Dəhliz üzərindən daşımaların artdığı bir dövrdə Azərbaycanın bu infrastruktur layihəsinin ən etibarlı həlqəsinə çevrilməsi fonunda Kopenhagen Sammitinə dəvət olunması həm də Qərbin ölkəmizə ehtiyacının birmənalı göstəricisi kimi qiymətləndirilməlidir.
Məlumdur ki, Avropadakı ümumi təhlükəsizlik vəziyyəti, Rusiya-Ukrayna müharibəsi, iqtisadi təhlükəsizlik, miqrasiya, ənənəvi və hibrid təhlükələr kimi mövzular müzakirə olunur. “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısında ümumilikdə 50-yə yaxın ölkədən dövlət və hökumət başçıları iştirak edir. Heç şübhəsiz ki, öz güc və iradəsi hesabına regionda işğal və təcavüzə son qoymaqla beynəlxalq hüququn ümumtanınmış normalarında əksini tapan prinsiplərin aliliyini təmin edən, sülh və sabitliyi yalnız hərbi yolla deyil, həm də siyasi addımlarla de-fakto təmin etməyi bacarmış Azərbaycan Respublikasının Prezidentinin ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməyi ali məqsəd kimi müəyyən “Avropa Siyasi Birliyi"nin ümumi platformasında bölüşəcəyi təcrübə mövcuddur. Azərbaycan yaxşı anlayır ki, bəzən niyyətlər uzlaşmasa da belə, “Avropa Siyasi Birliyi”ni təhlükəsizlik, iqtisadi sabitlik, demokratik idarəetmə kimi sahələrdə əməkdaşlığı gücləndirmək məqsədilə həm Avropa İttifaqı daxilində, həm də ondan kənarda kiçik və böyük ölkələr arasında siyasi-iqtisadi koordinasiyanı təşviq etməyə yönəlmiş uğurlu hökumətlərarası platformaya çevirmək mümkündür. Bu mənada, əminliklə demək olar ki, Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısını ölkəmiz üçün növbəti dəfə maraqların təmini üçün uğurlu müstəviyə çevirə bildi".
Bütün xəbərlər Facebook səhifəmizdə