“Azərbaycanda bu məsələ dövlət siyasətinin prioritet istiqamətlərindən sayılır“ - MÜNASİBƏT BİLDİRİLDİ

“İnsan hüquqlarının təmin olunması və müdafiəsi müasir dövrdə hər bir dövlətin inkişaf səviyyəsini müəyyənləşdirən əsas göstəricilərdən biridir. Azərbaycanda da bu məsələ dövlət siyasətinin prioritet istiqamətlərindən sayılır. Müstəqillik dövründə vətəndaşların konstitusion hüquqlarının reallaşdırılması istiqamətində ardıcıl və sistemli addımlar atılmışdır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, ən fundamental hüquqlardan biri olan doğulduğu yerdə yaşamaq hüququ uzun illər işğal nəticəsində pozulmuşdu: “Lakin torpaqlarımızın azad olunması, ərazi bütövlüyünün və suverenliyin təmin edilməsindən sonra təqribən 1 milyona yaxın insan öz təməl hüququna qovuşmuşdur. Bu fakt Azərbaycanın insan hüquqlarının təminində əldə etdiyi mühüm nailiyyətlərdən biri kimi qiymətləndirilir. İnsan hüquqlarının qorunmasında ölkədə fəaliyyət göstərən Ombudsman institutu xüsusi rol oynayır. Bu qurum daim təkmilləşən fəaliyyəti ilə cəmiyyətin bütün sahələrində hüquq pozuntularının qarşısının alınması və mövcud problemlərin aradan qaldırılmasına çalışır. Ombudsman, öz səlahiyyət və metodları vasitəsilə insan hüquqlarının müdafiəsini həyata keçirərək dövlət orqanları ilə yanaşı, ictimai institutlarla da əməkdaşlıq edir.

Eyni zamanda, insan hüquqlarının qorunmasında hüquqi maarifləndirmə mühüm əhəmiyyət kəsb edir. Bu kontekstdə qeyri-hökumət təşkilatları Ombudsmanla sıx dialoq şəraitində fəaliyyət göstərərək vətəndaşların hüquq biliklərinin artırılmasına və hüquqi mədəniyyətin inkişafına töhfə verirlər. Beləliklə, Azərbaycanda insan hüquqlarının müdafiəsi həm dövlətin institusional siyasətində, həm də vətəndaş cəmiyyəti institutlarının fəaliyyətində əsas prioritet kimi möhkəmlənmişdir. Bu isə ölkəmizin demokratik inkişaf yolunda mühüm göstəricilərdən biri hesab oluna bilər”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə