QMİ sədri Emi Karlonla Qarabağ həqiqətlərini müzakirə edib - FOTOLAR

Sentyabrın 29-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlonla görüşüb. SİA xəbər verir ki, şeyxülislam Allahşükür Paşazadə E.Karlonu 44 günlük Vətən müharibəsi və Azərbaycanın əldə etdiyi şanlı Qələbə barədə məlumatlandırıb. Bildirib ki, Azərbaycan 2020-ci ildə Ali Baş Komandan Prezident İlham Əliyevin qətiyyəti, xalqımızın birliyi, rəşadətli Ordumuzun gücü sayəsində, şəhidlərimizin canı, qanı bahasına 30 illik erməni işğalına son qoyub. Qeyd edilib ki, 2023-cü ildə antiterror əməliyyatları nəticəsində Azərbaycan öz suverenliyini tam təmin edib.

Diqqətə çatdırılıb ki, 30 il ərzində maddi-mədəniyyət abidələrinin zənginliyi ilə seçilən Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı nəticəsində orada İslam mədəniyyətinə aid bütün muzeylər, məscidlər, abidələr dağıdılıb. Məscidlərdə Azərbaycanın mədəni irsinə qarşı vandalizm aktlarına yol verilib.

Şeyxülislam hazırda Qarabağda aparılan geniş abadlıq-quruculuq işləri barədə də məlumat verib.

QMİ sədri, həmçinin bu ilin avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanan Birgə Bəyannamənin Cənubi Qafqazda 30 ilə yaxın davam edən münaqişəni tarixin arxivinə gömən və təkrarlanmamasına zəmanət verən diplomatik əhəmiyyətə malik sənəd kimi qiymətləndirib.

Görüşdə, eyni zamanda, Qafqaz Müsəlmanları İdarəsinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinin yaxın günlərdə Amerika Birləşmiş Ştatlara edəcəyi səfərin əhəmiyyətindən də bəhs edilib. Səfərin ABŞ-la Azərbaycan arasında dostluq münasibətlərini və mənəvi əlaqələri möhkəmləndirmək üçün böyük imkanlar yaradacağı bildirilib.

Şeyxülislam, həmçinin ABŞ-da fəaliyyət göstərən bəzi təşkilatların beynəlxalq hesabatlarında Azərbaycana qarşı yol verdiyi qeyri-obyektiv və qeyri-səhih informasiyalardan narahat olduğunu da E.Karlonun diqqətinə çatdırıb.

Emi Karlon da öz növbəsində görüşdən məmnunluğunu ifadə edib. O, bu görüşün Azərbaycanla ABŞ arasında çox əlamətdar bir vaxta təsadüf etdiyini vurğulayıb. E.Karlon regionun gələcəyinin bərqərar edilməsində dini liderlərin əhəmiyyətli rol oynayacağına ümidvar olduğunu bildirib, həmçinin multikulturalizm məsələsində Azərbaycandan öyrəniləsi çox şeyin olduğunu diqqətə çatdırıb.

Sonra qarşılıqlı hədiyyələr təqdim olunub.

Görüşün sonunda qonağın şərəfinə ziyafət verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə