"Saziş Azərbaycanın qlobal sülh təşəbbüslərində lider rolunu möhkəmləndirir" - ŞƏRH EDİLDİ

"Vaşinqton 2025 Sazişi həm regional, həm də beynəlxalq kontekstdə Azərbaycan üçün strateji əhəmiyyətə malikdir. ABŞ kimi böyük gücün vasitəçiliyi ilə imzalanmış bu sənəd Azərbaycanın diplomatik çəkisinin artdığını göstərir və Cənubi Qafqazda yeni mərhələnin başlanğıcını qoyur. BMT Baş katibinin bu sazişi “tarixi nailiyyət” kimi qiymətləndirməsi Azərbaycanın təşəbbüskar mövqeyinin beynəlxalq miqyasda rəsmən təsdiqi deməkdir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Anar İsgəndərov deyib.

Onun sözlərinə görə, Avropa dövlətlərinin, xüsusilə Finlandiya və Yunanıstanın bu prosesi yüksək dəyərləndirməsi Azərbaycanın artıq yalnız regional deyil, qlobal təhlükəsizlik gündəliyinə təsir göstərən aktor olduğunu nümayiş etdirir. Bu, Azərbaycanın sülh prosesinin əsas memarı kimi tanınması ilə yanaşı, Avropa İttifaqı ölkələri ilə siyasi və iqtisadi əməkdaşlıq imkanlarını daha da genişləndirir: "Eyni zamanda, səfər çərçivəsində ABŞ-ın böyük investisiya şirkətləri ilə keçirilən görüşlər, Xəzər Biznes Forumunda 10 milyard dollarlıq müqavilələrin bağlanması ölkəmizin iqtisadi gücünün sülh təşəbbüsləri ilə paralel şəkildə inkişaf etdiyini göstərir. Azərbaycan bu gün həm enerji, həm də maliyyə resursları ilə beynəlxalq tərəfdaşlıqlarda etibarlı ölkə imicini möhkəmləndirir.

Vaşinqton Sazişi Azərbaycanın regiondakı nüfuzunu daha da artırmaqla yanaşı, qlobal sülh və təhlükəsizliyə verdiyi töhfənin də rəsmən tanınmasına şərait yaratdı. Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan beynəlxalq arenada həm siyasi, həm iqtisadi, həm də diplomatik güc mərkəzi kimi qəbul olunur".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə