"Laçına köç Azərbaycanın suveren hüquqlarını reallıqda təsdiq edir" - POLİTOLOQ ŞƏRH ETDİ
"Böyük Qayıdış proqramı Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin əsas göstəricisidir. Laçına baş tutan növbəti köç təkcə məcburi köçkünlərin doğma yurdlarına qayıdışı deyil, həm də işğaldan azad edilmiş ərazilərdə həyatın bərpa olunmasının rəsmi və praktiki sübutudur". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.
Onun sözlərinə görə, bu addım Azərbaycanın torpaqlar üzərində suveren hüquqlarını reallıqda həyata keçirdiyini bütün dünyaya nümayiş etdirir: "Laçın strateji mövqeyinə görə xüsusi əhəmiyyət daşıyır. Çünki həm Zəngəzur istiqamətində, həm də Qarabağın digər bölgələri ilə əlaqələrin möhkəmlənməsində Laçının rolu böyükdür. Burada həyata keçirilən köç prosesləri Azərbaycan dövlətinin bölgədəki hərbi-siyasi mövqeyini daha da gücləndirir, eyni zamanda sosial-iqtisadi inkişaf üçün dayanıqlı baza yaradır.
Siyasi baxımdan isə Laçına köç beynəlxalq ictimaiyyətə bir mesajdır: Azərbaycan öz vətəndaşlarını tarixi torpaqlarına qaytarmaqla, bölgədə sabitlik və davamlı sülhün əsasını qoyur. Bu, həm də Ermənistanın uzun illər apardığı işğal siyasətinin iflasa uğradığını və Azərbaycanın regional güc mərkəzi kimi mövqeyini möhkəmləndirdiyini göstərir".
Bütün xəbərlər Facebook səhifəmizdə