İlham Əliyevin ABŞ səfəri: Qlobal tribuna və Azərbaycanın yeni diplomatik mövqeyi

“Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının iclasında iştirakı təkcə dövlət başçısının beynəlxalq platformada görünməsi deyil, həm də ölkəmizin son illərdə qazandığı tarixi qələbələrin diplomatik müstəvidə təsdiqidir. Bu səfər, Azərbaycanın post-müharibə dövründə regionun aparıcı aktoru kimi mövqeyini dünyaya nümayiş etdirməsi baxımından strateji əhəmiyyət daşıyır”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova Prezident İlham Əliyevin BMT Baş Assambleyasının iclasında iştirakı barədə danışarkən deyib.

“BMT Baş Assambleyası – qlobal problemlərin müzakirə olunduğu, dövlət başçılarının dünya ictimaiyyətinə birbaşa müraciət etdiyi ən ali tribunadır. Burada Azərbaycanın səsi sadəcə regional maraqların ifadəsi deyil, həm də ədalətə, beynəlxalq hüquqa, sülh və əməkdaşlığa çağırışdır. Prezident İlham Əliyevin çıxışının mərkəzində isə Azərbaycanın yaratdığı yeni reallıqlar – 27 sentyabr Vətən Müharibəsindən sonra Cənubi Qafqazda formalaşan güc balansı dayanır”,- deyə millət vəkili qeyd edib.

Onun sözlərinə görə, səfər çərçivəsində nəzərdə tutulan ikitərəfli görüşlər də xüsusi əhəmiyyət kəsb edir.
ABŞ və digər qlobal güclərlə aparılan müzakirələrdə enerji təhlükəsizliyi, nəqliyyat-logistika marşrutları, regional sabitlik məsələlərinin ön planda olacağı şübhəsizdir: “Azərbaycanın enerji layihələri artıq Avrasiyanın taleyini müəyyən edən strateji layihələrə çevrilib və bu prosesdə Azərbaycanın söz sahibi olması, BMT tribunasından səslənəcək ən mühüm mesajlardan biri olacaq.

Eyni zamanda, Prezidentin bu səfəri Azərbaycanın beynəlxalq nüfuzunun artmasının bariz nümunəsidir. Çünki BMT tribunasından edilən çıxış təkcə Azərbaycan xalqı üçün deyil, bütün dünya ictimaiyyəti üçün mesaj xarakteri daşıyır. Bu mesajların əsasında Azərbaycanın ədalətli mövqeyi, müstəqil siyasət kursu və qlobal əməkdaşlığa verdiyi önəm dayanır. Bütün bunlar göstərir ki, Prezident İlham Əliyevin ABŞ səfəri sadəcə diplomatik bir protokol addımı deyil, Azərbaycanın yeni beynəlxalq mərhələyə qədəm qoymasının, dünya siyasətində özünə layiqli yer tutmasının təsdiqidir”.

Bütün xəbərlər Facebook səhifəmizdə