"Nyu-York səfəri Azərbaycanın iqtisadi və geosiyasi mövqeyini gücləndirir" - SİYASİ ŞƏRHÇİ MÜNASİBƏT BİLDİRDİ

"Prezident İlham Əliyevin Nyu-Yorka səfəri və burada beynəlxalq biznes elitası ilə keçirdiyi görüşlər Azərbaycanın xarici siyasətində iqtisadi diplomatiyanın getdikcə daha mühüm yer tutduğunu göstərir. Bu səfər, ilk növbədə, ölkəmizin investisiya mühitinin dünyaya təqdim olunması və strateji tərəfdaşlarla əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan son illər enerji ixracatçısı ölkədən daha çox yüksək texnologiyalar, nəqliyyat-logistika, bərpa olunan enerji və maliyyə xidmətləri kimi sahələrə diqqət yetirən regional iqtisadi mərkəzə çevrilmək istiqamətində addımlar atır. Prezidentin Nyu-Yorkda nüfuzlu beynəlxalq maliyyə qurumları və iri şirkət rəhbərləri ilə görüşməsi məhz bu transformasiyanın davamlılığını təmin etməyə xidmət edir: "Bu görüşlər həm yeni xarici investisiyaların cəlb olunması, həm də mövcud əməkdaşlıqların daha dayanıqlı platformaya çevrilməsi üçün əhəmiyyətli siqnaldır. Geosiyasi baxımdan isə Azərbaycanın qlobal iqtisadi mərkəzlərdə - xüsusilə ABŞ-da - nüfuzlu maliyyə institutları ilə dialoqu ölkəmizin beynəlxalq arenada strateji tərəfdaş kimi qəbul edilməsini gücləndirir. Bu, həm də Azərbaycanın balanslı xarici siyasət xəttinin bir təzahürüdür. Qərb kapitalı və texnologiyalarının ölkəmizə cəlb edilməsi, eyni zamanda, regionda enerji təhlükəsizliyinin təminində Azərbaycanın mövqeyini möhkəmləndirir.

Belə görüşlər Azərbaycanın yalnız enerji ixracatçısı kimi deyil, həm də modern iqtisadiyyat və investisiya üçün etibarlı tərəfdaş imici formalaşdırmasına xidmət edir. Bundan əlavə, bu addımlar ölkənin beynəlxalq maliyyə reytinqlərinə, investorların etimadına və regional iqtisadi liderliyinə müsbət təsir göstərə bilər. Uzunmüddətli perspektivdə isə belə səfərlər Azərbaycanın iqtisadi müstəqilliyini gücləndirir, xarici siyasətində manevr imkanlarını artırır və beynəlxalq nüfuzunu daha da yüksəldir".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə