“Böyük Qayıdış regionumuzun iqtisadiyyatında önəmli sıçrayışa nail olacaq” - ŞƏRH EDİLDİ
“İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış Azərbaycan Respublikasının 2030-cu ilə qədərki 5 milli prioritetindən biridir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.
Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzur işğal və təcavüz periodunda bərpası mümkün olmayan dağıntılara məruz qalmış, həmin ərazilər minalarla kütləvi şəkildə çirkləndirilmişdir:
“Lakin bütün bunlara baxmayaraq Azərbaycan Respublikası cənab İlham Əliyevin müzəffər Ali Baş Komandanlığı ilə işğal və təcavüzə son qoyduqdan sonra Livan ölçüdə bir ərazidə böyük quruculuq və bərpa prosesinə start verilmiş, işğala son qoyulduqdan cəmi 8 ay sonra beynəlxalq standartlara cavab verən Füzuli Beynəlxalq Hava Limanı istifadəyə hazır vəziyyətə gətirilmişdir. Bundan başqa, ağlasığmaz miqyasda dağıntılara baxmayaraq cəmi il yarım ərzində Azərbaycan öz vətəndaşlarının Qarabağ və Şərqi Zəngəzura qayıdışına start verə bilmiş, bu istiqamətdə vahid dövlət proqramı qəbul edilmiş, həmçinin məskunlaşmanın dayanıqlılığının təmini üçün həmin ərazilərin ölkənin iqtisadi dövriyyəsinə reinteqrasiyası, habelə yeni nəqliyyat-kommunikasiya və digər infrastruktur layihələrinin həyata keçirilməsi həm də əldə etdiyimiz zəfərin təminatına çevrilmişdir. Nəticədə, bu gün artıq Qarabağ və Şərqi Zəngəzurda 50 mindən çox vətəndaş dayanıqlı şəkildə məskunlaşmış, bölgənin inkişaf və rifahına, bütövlükdə ölkənin ümumi iqtisadiyyatının inkişafına töhfələrini verməkdədir. Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilməsi və həmin ərazilərə Böyük Qayıdışın uğurla reallaşmaqda olması Azərbaycanın iqtisadi inkişafına da önəmli töhfə hesab olunmalıdır. Bu bölgənin zəngin iqtisadi potensialı, kənd təsərrüfatı, turizm imkanları, habelə həyata keçirilən infrastruktur layihəsi nəticəsində Orta Dəhlizin vacib seqmentinin bu bölgədən keçməsi burada görülən işlərin milli iqtisadiyyat üçün yeni nəfəsə çevrilməsi ilə nəticələnib. Proses isə davam edir, heç şübhəsiz ki, Azərbaycan dövləti böyük quruculuq və Böyük Qayıdış prosesini uğurla reallaşdırmaqla bütövlükdə regionumuzun iqtisadiyyatında önəmli sıçrayışa nail olacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə