"Böyük Qayıdış işğaldan azad olunmuş ərazilərdə inkişafı gücləndirir" - ŞƏRH EDİLDİ
"Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış prosesi yalnız əhalinin öz doğma yurdlarına qayıtması ilə məhdudlaşmır, bu, eyni zamanda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı sosial-iqtisadi inkişafın və regional sabitliyin əsasını qoyur". Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq ekspert Anar Əliyev deyib.
Onun sözlərinə görə, bu proses strateji baxımdan Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi deməkdir. Çünki məcburi köçkünlərin doğma torpaqlarına dönməsi ölkənin sosial ədalət prinsiplərinin bərpasıdır: "Uzun illər yurd həsrəti ilə yaşayan və müvəqqəti məskunlaşmış ailələrin öz evlərinə qayıtması onların həyat keyfiyyətinin yüksəlməsinə, dövlət-vətəndaş münasibətlərinin daha da güclənməsinə xidmət edir. Böyük Qayıdış regional iqtisadi inkişafın sürətləndirilməsi üçün mühüm bir mexanizmdir. Yeni infrastruktur layihələri, kəndlərin və qəsəbələrin müasir standartlarla bərpası, istehsal sahələrinin yaradılması həmin bölgələrdə iqtisadi canlanmanı təmin edir. Bu, həm də yeni iş yerlərinin açılması, əhalinin məşğulluq imkanlarının genişlənməsi deməkdir ki, nəticədə regionda sosial rifah əhəmiyyətli dərəcədə yüksəlir.
Eyni zamanda, azad edilmiş ərazilərə qayıdış Azərbaycanın təhlükəsizlik strategiyasına da güclü töhfə verir. İnsanların daimi məskunlaşması, sərhəd kəndlərində həyatın bərpası, ordu ilə vətəndaşların birgə mövcudluğu həmin ərazilərin uzunmüddətli qorunmasını təmin edir. Bu, həm də Ermənistanla sülh danışıqları kontekstində Azərbaycanın mövqelərini daha da gücləndirir. Böyük Qayıdışın regional sabitlik baxımından başqa bir əhəmiyyəti isə inteqrasiya və multikultural mühitin inkişafıdır. Köçən insanlar təkcə evlərinə dönmür, həm də birgəyaşayış mədəniyyətini yenidən canlandırırlar. Bu, gələcəkdə həm Qarabağın, həm də bütövlükdə Cənubi Qafqaz regionunun dayanıqlı inkişafına töhfə verəcəkdir. Böyük Qayıdış prosesi Azərbaycan dövlətinin gücünü, xalqın birliyini və dövlət-vətəndaş həmrəyliyini nümayiş etdirir. Bu, yalnız bugünkü nəsil üçün deyil, həm də gələcək nəsillər üçün möhkəm təməl rolunu oynayacaq, ölkənin milli təhlükəsizliyi və iqtisadi inkişafı baxımından strateji əhəmiyyət daşıyır".
Bütün xəbərlər Facebook səhifəmizdə