"Kiberzorakılıqla mübarizədə bütün vətəndaşlar məsuliyyət daşıyır" - MÜNASİBƏT BİLDİRİLDİ

"Bu gün internet hər birimizin gündəlik həyatının ayrılmaz hissəsidir. Sosial şəbəkələrdə ünsiyyət qurur, xəbərləri izləyir, təhsil alır, hətta işimizi də oradan idarə edirik. Amma bu sürətli inkişafın kölgəsində bir təhlükə də gizlənir - kiberzorakılıq. Onlayn təhqirlər, saxta profillər, şəxsi məlumatların yayılması və psixoloji təzyiq – bütün bunlar artıq real həyatımıza təsir edən ciddi problemə çevrilib". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Kərimli deyib.

O bildirib ki, Azərbaycan hökuməti bu məsələni diqqətdən kənarda qoymur: "CERT.AZ adlı milli mərkəz kiberhücumlara qarşı vətəndaşlara yardım göstərir, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi isə rəqəmsal təhlükəsizliyi gücləndirmək üçün strategiyalar hazırlayır. Məktəblərdə rəqəmsal savadlılıq dərsləri keçirilir, televiziyada sosial çarxlar yayımlanır. Parlamentimizdə bu ildən xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiya fəaliyyət gösrərir.

Qısası, dövlət həm texniki, həm də maarifləndirici mübarizə aparır. Amma kiberzorakılıqla mübarizədə təkcə dövlət deyil, bütün vətəndaşlar məsuliyyət daşıyır. Belə ki, uşaqlara internetdə təhlükəsiz davranış qaydalarının öyrədilməsi və onların onlayn fəaliyyətinə diqqət yetirilməsi vacibdir. Rast gəlinən kiberzorakılıq halları hüquq-mühafizə orqanlarına və ya CERT.AZ-a bildirilməlidir. Bu, həm fərdi, həm də ictimai təhlükəsizliyi təmin edir.
Kiberzorakılığa məruz qalan insanlara mənəvi dəstək göstərilməli, onların problemi ictimailəşdirilərək maarifləndirici təsir yaradılmalıdır.

İnternet təhlükəsizliyi və kiberzorakılıqla mübarizə kompleks yanaşma tələb edir. Dövlətin hüquqi və texniki tədbirləri, vətəndaşların isə məsuliyyətli davranışı bir-birini tamamlayır. Yalnız bu qarşılıqlı əməkdaşlıq nəticəsində rəqəmsal mühit daha sağlam, təhlükəsiz və etibarlı ola bilər. Kiberzorakılıq bir insanın, bir qurumun mübarizə apara biləcəyi problem deyil. Bu, həm dövlətin, həm də cəmiyyətin ortaq mübarizəsidir. İnternetdə daha təhlükəsiz mühit yaratmaq üçün qanunlar, texnologiyalar və maarifləndirmə qədər, sadə insani münasibətlər – hörmət, empatiya və dəstək də lazımdır. Çünki virtual aləmdə etdiyimiz hər bir hərəkət real dünyada da bir iz buraxır".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə