Parlamentdə “Daxili qoşunlar haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb
“Daxili qoşunlar haqqında” yeni qanun layihəsində (birinci oxunuş) daxili qoşunların ölkənin konstitusiya quruluşunun, dövlət suverenliyinin, ictimai qaydanın və ümumi təhlükəsizliyin təmin olunmasında rolu hüquqi baxımdan əhatəli şəkildə tənzimlənir. Layihə, həmçinin daxili qoşunların səlahiyyət dairəsini, strukturunu, idarəetmə mexanizmini və fəaliyyət istiqamətlərini müəyyən edir. SİA xəbər verir ki, həmin qanun layihəsi sentyabrın 9-da Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsində müzakirəyə çıxarılıb.
Qanun layihəsi ümumilikdə 6 fəsil və 30 maddədən ibarətdir. Sənəddə qeyd olunur ki, daxili qoşunların şəxsi heyəti hərbi qulluqçular və mülki işçilərdən ibarət olacaq. Hərbi qulluqçular üçün peşəkar hazırlıq, fiziki və ixtisas göstəriciləri, xüsusi vasitələrdən və texnikadan istifadə bacarığı vacib şərtlər kimi göstərilir. Onların mütəmadi olaraq fiziki hazırlıq səviyyələri, silah və texnikadan istifadə vərdişləri, habelə ilkin tibbi yardım göstərmə bacarıqları qiymətləndiriləcək.
Qanun layihəsi, həmçinin mülki heyətlə bağlı əmək münasibətlərinin Azərbaycan Respublikasının əmək qanunvericiliyi çərçivəsində tənzimlənəcəyini təsbit edir.
Daxili qoşunlar üçün kadr hazırlığı, ixtisasartırma və elmi-tədqiqat fəaliyyəti həyata keçirən xüsusi təyinatlı təhsil müəssisələrinin mövcudluğu da layihədə əksini tapıb. Hərbi qulluqçular bu müəssisələrdə yerli qanunvericiliyə uyğun təhsil ala, eyni zamanda, beynəlxalq müqavilələr çərçivəsində xarici ixtisaslaşdırılmış təhsil ocaqlarında təhsillərini davam etdirə bilərlər.
Layihəyə əsasən, daxili qoşunların şəxsi heyətinin və onların ailə üzvlərinin təhlükəsizliyini təmin etmək məqsədilə onların xidmət və yaşayış yerləri barədə məlumatların kütləvi informasiya vasitələrində, internet resurslarında və ya digər informasiya-telekommunikasiya şəbəkələrində yayılmasına qadağa qoyulur. Eyni zamanda, daxili qoşunların fəaliyyəti ilə bağlı məlumatların yalnız müvafiq komandanlığın icazəsi ilə paylaşılmasına icazə verilir.
Yeni qanun qüvvəyə mindikdən sonra hazırda qüvvədə olan “Daxili qoşunların statusu haqqında” Qanun ləğv ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə