"Zəngəzur dəhlizi regionda sabitliyin rəmzinə çevrilə bilər" - SİYASİ ESKPERT AÇIQLADI
"Zəngəzur dəhlizi açıldıqdan sonra onun regionda geo-siyasi balansa heç bir mənfi və ya dağıdıcı təsiri ola bilməz. Əksinə, bu dəhliz regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası və genişləndirilməsi baxımından ciddi bir addımdır". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
Onun sözlərinə görə, dəhlizin fəaliyyəti sayəsində Orta Asiya – Cənubi Qafqaz – Avropa xətti boyunca yeni ticarət və enerji marşrutları yaranacaq ki, bu da yalnız regional deyil, həm də qlobal səviyyədə geoiqtisadi dinamikanı gücləndirəcək:
"Lakin bu məsələdə ən çox narahatlıq ifadə edən dövlətlərdən biri İrandır. İranın narahatlığı əsasən Zəngəzur dəhlizinin açılması nəticəsində Ermənistanla olan sərhəd xəttinin dəyişəcəyi və ya zəifləyəcəyi, bununla da İranın Cənubi Qafqazdakı təsir imkanlarının azalacağı düşüncəsinə əsaslanır. Halbuki real vəziyyət göstərir ki, Zəngəzur dəhlizi Ermənistanın ərazi bütövlüyünə və suverenliyinə heç bir təhdid yaratmır. Əksinə, bu dəhliz Ermənistan üçün də regionla daha geniş iqtisadi inteqrasiya imkanları açır. İranın bəzi siyasi dairələrinin bu məsələyə neqativ yanaşması, əsasən öz regional maraqlarını qorumaq və bölgədəki təsir gücünü itirmək qorxusu ilə bağlıdır. Lakin bu yanaşma qısa müddətli geosiyasi maraqlara söykənir və uzunmüddətli perspektivdə regionun ümumi maraqlarına uyğun gəlmir. Əgər İran regionda sabitlik və inkişaf tərəfdarıdırsa, o zaman Zəngəzur dəhlizinə qarşı deyil, onun açılmasına dəstək göstərməlidir. Zəngəzur dəhlizinin fəaliyyəti dövlətlərarası əlaqələrin bərpasına və yeni əməkdaşlıq imkanlarının yaranmasına təkan verəcək. Tərəflər arasında daha intensiv ticarət münasibətləri formalaşacaq, bölgədə infrastruktur layihələri genişlənəcək və nəticə etibarilə bu proses regionun ümumi rifahına və iqtisadi inkişafına xidmət edəcək.
Nəticə etibarilə, Zəngəzur dəhlizi yalnız bir nəqliyyat xətti deyil, həm də regionda sabitlik, əməkdaşlıq və inkişafın rəmzinə çevrilə bilər. Onun açılması heç bir ölkənin suverenliyinə və maraqlarına zidd deyil. Əksinə, region ölkələrinin hər biri üçün yeni fürsətlərin yaranmasına zəmin yaradır. Buna görə də bu təşəbbüsə geosiyasi rəqabət və qorxu prizmasından deyil, əməkdaşlıq və inkişaf prizmasından yanaşmaq daha faydalı olar".
Bütün xəbərlər Facebook səhifəmizdə