“Ümid Körpüsü”nün açılması Naxçıvana ikinci bir həyat gətirdi" - ŞƏRH EDİLDİ

"Ümummilli Heydər Əliyevin hər bir fəaliyyəti Azərbaycan tarixi, Azərbaycan xalqı üçün qiymətlidir və əhəmiyyətlidir. O cümlədən də Onun 1990-cı ilin bu günündə Naxçıvan Ali Məclisinin sədri seçilməsi həm Naxçıvanın həyatı, həm də bütövlükdə sonrakı dövrlərdə dövlətçiliyimizin həyatı üçün mühüm əhəmiyyət kəsb edir". Bu sözləri SİA-ya açıqlamasında deputat Musa Quliyev deyib.

Onun sözlərinə görə, həmin dövrlərdə Ümummilli Lider artıq dörd ilə yaxındır ki, istefada idi və əsaslı şəkildə hakimiyyətdən kənarlaşdırılmışdı. 1990-cı ilin avqust ayında Naxçıvana gəldi. Naxçıvan camaatı, Naxçıvan əhalisi Onu doğma adam kimi qarşılayaraq həm Naxçıvan Ali Sovetinə, həm də Azərbaycan Ali Sovetinə deputat seçdilər: "Bununla da Ümummilli Lider Heydər Əliyevin dörd ildən sonra yenidən böyük siyasətə qayıdışının əsasları bu illə qoyuldu. Həmin dövrdə Naxçıvan demək olar ki, blokadada idi, ağır şəraitdə idi. Ermənilərin Naxçıvana iddiaları da Qarabağ iddiaları kimi artıq başlamışdı və Naxçıvan hər tərəfdən ermənilər tərəfindən tez-tez atəşə tutulurdu. Eyni zamanda Naxçıvanda idarəçilikdə də bir hərc-mərclik var idi. O dövrdə Azərbaycanda hakimiyyətdə olan Ayaz Mütəllibov Naxçıvana ögey münasibət göstərirdi və xaos mühiti hökm sürürdü. Əgər Heydər Əliyev kimi müdrik, dahi bir siyasətçi orada rəhbər vəzifəyə gəlməsəydi, Naxçıvan da böyük təhlükə qarşısında olardı. Qısa müddət ərzində Heydər Əliyev Naxçıvanda həm müdafiəni təşkil etdi, həm azuqə təminatını, sovetdən gələn təzyiqlərə qarşı dirənişi təmin etdi, həm də Naxçıvanı erməni işğalından qorudu. Eyni zamanda Naxçıvan vətəndaşları, Naxçıvan insanları ona milliliklə, ehtiramla, sədaqətlə yanaşdıqlarını nümayiş etdirdilər.

Ondan sonrakı dövrdə isə Azərbaycanın üçrəngli bayrağının məhz Naxçıvanda Ali Məclisin qərarı ilə bərpa olunması və artıq milli müstəqilliyimizin əsasını qoyan addımlardan biri oldu. Bu qərarın da altında Heydər Əliyev kimi müqəddəs bir imza dayanır. Naxçıvan Muxtar Respublikası adında “Sovet Sosialist” sözlərinin götürülməsi də məhz Heydər Əliyevin xidmətidir. Bu, müstəqilliyimizə gedən yolun başlanğıcı idi.

Daha sonra “Ümid Körpüsü”nün açılması Naxçıvana ikinci bir həyat gətirdi. Heydər Əliyev həmin dövrdə Türkiyənin Baş naziri Süleyman Dəmirəllə danışıqlar apararaq qısa müddət ərzində Araz çayı üzərində Naxçıvanla Türkiyəni birləşdirən körpünün açılmasına nail oldu. Bununla da Naxçıvanın ərzaq problemi qısa müddətdə həll olundu. Sovet ordusunun Naxçıvanda yerləşən hissələri ilə danışıqlar apararaq, orduya məxsus bütün silah-sursatın Naxçıvanda qalması şərtilə onların ərazidən çıxarılmasını təmin etdi. Beləliklə, Naxçıvanın müstəqil Azərbaycanın bir atributu kimi qalması, mövcudluğu təmin olundu. Heydər Əliyevin Naxçıvan Ali Məclisinə seçilməsi həm də Azərbaycan əhalisinin ümidlərini artırdı ki, Heydər Əliyev yenidən böyük siyasətə qayıdacaq və Azərbaycanın xilaskarı olacaq".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə