Aİ-nin xüsusi nümayəndəsi Naxçıvanın sərhədyanı ərazilərini ziyarət edib

Naxçıvanın mövcud dəmir yolu infrastrukturu ilə tanışlıq əməkdaşlığın inkişafı üçün geniş perspektivlər açır. SİA xəbər verir ki, bu barədə Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Naxçıvana səfərini şərh edərkən bildirib.

Onun sözlərinə görə, səfəri çərçivəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə keçirilən görüş konstruktiv və məhsuldar keçib: “Görüşdən çox razı qaldım, çünki əməkdaşlığa açıq və səmimi müzakirələr aparıldı. Naxçıvanın sərhədyanı ərazilərini ziyarət etmək imkanımız oldu. Bu, qarşılıqlı əlaqələrin hələ başlanğıcıdır və Vaşinqton görüşündən qısa müddət sonra bu prosesə start verilməsi çox təqdirəlayiq haldır. Təbii ki, dəmir yolu infrastrukturu bizim gündəliyimizdə mühüm yer tutur. Biz texniki uyğunluq araşdırmaları apararaq bu layihəyə töhfə verməyə hazırıq” - Maqdalena Qrono qeyd edib.

O əlavə edib ki, səfər zamanı sosial-iqtisadi inkişaf, turizm, kənd təsərrüfatı, inşaat və digər sahələr üzrə əməkdaşlıq imkanları da geniş şəkildə müzakirə olunub: “Avropa Komissiyasını təmsil edən həmkarlarım da bu səfərdə iştirak edirlər və yeni kontekstlərdə müzakirələri davam etdirməyə kifayət qədər maraqlıyıq”.

Maqdalena Qrono vurğulayıb ki, Naxçıvan mühüm strateji əhəmiyyətə malik bir ərazidir və burada bir çox əsas kommunikasiya xətləri və yolları kəsişir: "Təəssüf ki, bu yolların bir çoxu uzun illərdir bağlı vəziyyətdədir və onlar eyni zamanda, keçmiş münaqişənin bir hissəsini təşkil edib. Regionda kommunikasiya imkanları məhdud olub. Lakin hesab edirəm ki, hazırda bu yolların açılması və ümumilikdə nəqliyyat-kommunikasiya infrastrukturunun inkişafı bütün region ölkələrinə fayda verəcək. Məhz bu kontekstdə biz buradayıq. Həm yolların açılması, həm də Avropa ilə Asiya – o cümlədən Orta Asiya ölkələri – arasında əlaqələrin qurulması və genişləndirilməsi bizim üçün prioritet məsələlərdəndir”.

Bütün xəbərlər Facebook səhifəmizdə