"Əhalinin bu ərazilərə qayıdışı sosial sabitliyi gücləndirəcək” - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
“Azərbaycan işğaldan azad olunmuş ərazilərdə böyük bir canlanma və inkişaf prosesi keçirir. Bu, həm iqtisadiyyatın inkişafına, həm də yerli əhalinin rifahının artırılmasına ciddi təsir göstərir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, Laçın, Kəlbəcər, Xocalı, Zəngilan və Füzuli kimi ərazilərdə həyata keçirilən infrastruktur layihələri, sosial və iqtisadi sahələrdə böyük irəliləyişlərə səbəb olur: “Həmçinin, bu ərazilər turizm baxımından da böyük potensiala malikdir. Cənab Prezident İlham Əliyev Şuşa-Laçın istiqamətində turizmin inkişafı üçün müəyyən proqram da hazırladı. Artıq Qarabağ bölgəsi bir növ Cənubi Qafqazda əsas turizm mərkəzlərindən biri olacaq”.
Politoloq fikirlərinə davam edərək həmçinin qeyd edib ki, vaxtilə vandalizmə məruz qalan ərazilər hazırda Azərbaycan sayəsində yenidən qurulur: “Kifayət qədər imkan var ki, bu istiqamət üzrə işlər həyata keçirilsin. Bu prosesin davamı olaraq, digər sosial-iqtisadi layihələrin uğurla həyata keçirilməsi, həmçinin bu ərazilərin yenidən qurulması və inkişaf etdirilməsi, Azərbaycanın ümumi inkişafına müsbət təsir göstərəcək. Əhalinin bu ərazilərə qayıdışı, həm də sosial sabitliyi və ərazi bütövlüyünü gücləndirəcək”.
Müəllif: Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə