"Azərbaycan hərbi, siyasi və diplomatik gücünü təsdiqlədi" - MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycan Prezidenti İlham Əliyevin indiki məqamda, həm Cənubi Qafqaz kimi münaqişələrin bol, həllin çətin və maraqların toqquşduğu bir regionda sülh yolu ilə problemləri həll etməsi, prosesdə birdən çox böyük gücün iştirakını təmin edib, tərəfdaşı kimi çıxış etməsi böyük və üst səviyyəli diplomatik uğurdur və bu reallıqdır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Turan Rzayev deyib.

Turan Rzayev sözlərinə belə davam edib: "Prosesləri təhlil etdikdə İlham Əliyevin bu proseslərin icrasındakı sərf etdiyi enerji, liderlik bacarıqları, vizionu və gələcəyə hesablanmış addımları aydın görünür. Prezidentin hakimiyyət dövrünə baxdıqda, atılan hər bir addımın məntiqə sığdığını və gələcəyə – 5, 10, hətta 50 ilə hesablandığını görmək mümkündür.

Məsələn, Prezidentin regiondakı sülh təşəbbüsləri və lider kimi nüfuz qazanmasının əsas amillərindən biri "nəzarətli təzyiq" və eyni zamanda "kompromislərə əsaslanan sülh gündəliyidir". Azərbaycan Ermənistanın xislətini və bu dövləti idarə edənlərin – həm daxili, həm də xarici aktorların maraqlarını çox yaxşı bilir. İlham Əliyev Rusiyanı, Çini, ABŞ-ı, Türkiyəni, İranı, İsraili də yaxşı analiz edir və nəticədə Azərbaycan bu ölkələrin hər biri ilə dil tapa bilir.

Hətta Ermənistanın əsas havadarlarından biri sayılan Fransa belə, son proseslər fonunda Azərbaycanla münasibətləri normallaşdırmağa çalışır. Azərbaycan bu güclərin heç birinin təzyiqlərindən geri durmadı, əksinə – prosesləri həm öz maraqları, həm də tərəfdaşların maraqları çərçivəsində idarə etdi.

Vaşinqton görüşü buna yaxşı bir nümunədir. Bu görüşdə ABŞ prezidenti Donald Trampın vasitəçiliyi önə çəkildi, Zəngəzur dəhlizi "Tramp sülh dəhlizi" adlandırıldı. İlk baxışdan bu, Amerikanın üstünlüyü kimi görünə bilərdi, amma əslində burada Azərbaycan öz maraqlarını təmin etdi. Dəhlizin adındakı güzəşt və ABŞ vasitəçiliyinin qabardılması əhəmiyyətli deyil. Əsas məsələ – maneəsiz hərəkətin təmin edilməsi çox mühüm bir məsələdir. Azərbaycan "maneəsiz hərəkət" prinsipini istəyirdi, amma təhlükəsizlik zəmanəti vacib idi. Rusiya zəmanətçi olsaydı, bu, tərəfsizlik əvəzinə risk yaradacaqdı. Ermənistan dəhlizə "yol statusu" vermək istəyirdi, bu da Azərbaycan üçün qəbuledilməz idi, çünki Naxçıvana gediş-gəliş Ermənistanın icazəsinə bağlı ola bilməzdi.

Nəticədə Rusiya prosesdən çıxarıldı, ABŞ və onun özəl şirkəti məsuliyyətə cəlb olundu. Ermənistan isə 99 illik icarə modeli ilə özəl şirkətə dəhlizi verdi. Beləcə, Azərbaycan istədiyi "maneəsiz hərəkət" prinsipini təmin etdi, amma bunu Ermənistan deyil, ABŞ vasitəsilə əldə etdi. Bu, çox incə və usta diplomatik gedişdir.

Çin məsələsinə gəldikdə, Azərbaycan Çinlə də çox həssas davranır. Şanxay Əməkdaşlıq Təşkilatında Azərbaycanın üzvlüyünə müsbət yanaşılır. Azərbaycan və Çin arasında böyük meqa layihələrin ilkin prototipləri imzalanıb. Onlardan ən böyüyü "Transxəzər layihəsi"dir. Bu layihə təkcə coğrafi dəhliz deyil, neft-qaz kəmərləri, Xəzər dənizinin dibi ilə fiberoptik xətlər və gələcəkdə dəmir yolu və avtomobil yolunu da əhatə edə bilər. Bu gücə və texnologiyaya sahib olan yeganə ölkə – Çindir. Prezidentin Türkmənistan səfəri də bu baxımdan əhəmiyyətlidir. Özbəkistan və Türkmənistan liderləri ilə əldə edilən razılaşmalar, regionun ortaq mərkəzə inteqrasiyası bu layihənin icrasına birbaşa təsir edir.

Prezidentin bütün səfərləri konkret nəticələr verir – konkret yol xəritələri, konturlar ortaya qoyur. Azərbaycan kimi kiçik ölkə, böyük güclərin oyun masasında öz maraqlarını müdafiə edir və diplomatik, siyasi, iqtisadi dividentlər qazanır.

Bütün bu uğurlar, 44 günlük Vətən müharibəsi və lokal xarakterli antiterror əməliyyatları fonunda Azərbaycanın həm hərbi, həm siyasi, həm diplomatik gücünü təsdiqlədi. Azərbaycanın ordusu da təkmilləşir. Artıq Xəzərdə pilotsuz döyüş qayıqları istifadə olunur. Gələcəkdə bu, hərbi gəmilərə də tətbiq ediləcək. Azərbaycan hərbi texnologiyada da innovativ addımlar atır.

Prezident İlham Əliyevin xarici siyasətdəki uğurları dərs kitablarına salınacaq səviyyədədir. Azərbaycan tarixi boyunca diplomatiyada güclü olub, bu gün isə Prezident İlham Əliyev bu ənənənin zirvəsini nümayiş etdirir. Bu, pafos deyil – reallıqdır. Yaxından baxan, təhlil edən hər kəs üçün bu, bir ustad dərsidir. Gələcəkdə bu diplomatiya kurs kimi tədris olunacaq".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə