Prezidentin Kəlbəcər səfəri bölgənin sosial-iqtisadi inkişafına yeni təkan verdi - POLİTOLOQ ŞƏRH ETDİ
"Cənab Prezident İlham Əliyevin ötən həftə Kəlbəcərə etdiyi səfər həm siyasi, həm də strateji baxımdan mühüm əhəmiyyət daşıyır. Bu səfər yalnız yeni müəssisələrin açılışı ilə məhdudlaşmır, eyni zamanda Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrində apardığı quruculuq və bərpa siyasətinin davamlı xarakter daşıdığını göstərir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.
Onun sözlərinə görə, Kəlbəcər Azərbaycanın ən strateji bölgələrindən biridir. Bu ərazi zəngin təbii sərvətləri, turizm və kənd təsərrüfatı potensialı ilə seçilir: "Prezidentin Kəlbəcərə səfəri və burada yeni obyektlərin istifadəyə verilməsi dövlətin bu regionu yalnız hərbi-strateji baxımdan deyil, həm də iqtisadi və sosial baxımdan ölkənin ayrılmaz hissəsi kimi inkişaf etdirmək niyyətini nümayiş etdirir. Açılışı edilən müəssisələr, infrastruktur layihələri və sosial obyektlər bölgədə insanların rahat yaşaması üçün vacib şərait yaradır.
Digər tərəfdən, Prezidentin şəxsən bu proseslərdə iştirakı dövlətin işğaldan azad olunmuş ərazilərin dirçəlişinə nə qədər önəm verdiyini göstərir. Açılışlar yalnız simvolik addım deyil, əhalinin tezliklə öz doğma torpaqlarına qayıtması üçün real zəmin yaradan tədbirlərdir. Yeni tikililər – yaşayış kompleksləri, məktəblər, səhiyyə müəssisələri, yollar və digər infrastrukturlar əhalinin təhlükəsiz və firavan həyatını təmin edəcək. Bu, həm də məcburi köçkünlərin doğma torpaqlarına inamla qayıtmasına güclü stimul verir. Siyasi baxımdan isə bu səfər Azərbaycanın dövlət iradəsinin nümayişidir. İşğaldan azad olunmuş ərazilərin sürətlə bərpası həm region ölkələrinə, həm də beynəlxalq ictimaiyyətə göstərir ki, Azərbaycan təkcə ərazilərini hərbi-siyasi yolla azad etməklə kifayətlənmir, həm də orada müasir standartlara uyğun inkişaf və sabitlik qurur. Bu isə Azərbaycanın regional güc mərkəzi kimi mövqelərini daha da möhkəmləndirir.
Prezidentin Kəlbəcərə səfəri, açılışını etdiyi müəssisələr və həyata keçirilən layihələr bütövlükdə Azərbaycanın “Böyük Qayıdış” proqramının ardıcıl və planlı şəkildə icra olunduğunun bariz göstəricisidir. Bu proses yalnız həmin bölgənin deyil, ümumilikdə ölkə iqtisadiyyatının inkişafına töhfə verir və gələcəkdə həm yerli əhalinin, həm də turistlərin cəlb olunmasına şərait yaradır.
Nəticə etibarilə, Prezidentin Kəlbəcər səfəri Azərbaycan dövlətinin Qarabağ və Şərqi Zəngəzurda apardığı quruculuq siyasətinin davamlılığını nümayiş etdirir, açılışı edilən müəssisələr isə bölgənin sosial-iqtisadi dirçəlişi və məcburi köçkünlərin qayıdışı baxımından mühüm addımlar kimi qiymətləndirilə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə