"İran üçün regionda xarici güclərin iştirakı təhlükə yaradır" - ŞƏRH EDİLDİ

"Regionun kifayət qədər vacib zonada yerləşməsi, strateji əhəmiyyəti fonunda Vaşinqtonda əldə olunan razılaşmalardan sonra İran Prezidenti Məsud Pezeşkianın Ermənistana səfəri, hər iki ölkə rəsmilərinin müzakirələri bu baxımdan xüsusilə önəmlidir". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elmir Səftərov deyib.

Onun sözlərinə görə, buna lakin baxmayaraq, Ermənistanın rəsmi dəvəti əsasında əvvəlcədən nəzərdə tutulmuş bu səfər gözlənilən idi: "Pezeşkianın səfəri məzmun baxımından elə bir dövrdə baş tutdu ki, regionun ən azı 100 illik gələcəyi ilə bağlı qərarlar qəbul olunduqdan sonra İranın hakimiyyət dairələrinin müxtəlif təbəqələrində bölgədə baş verən dəyişikliklərlə bağlı narahatlıqlar açıq şəkildə ifadə olunurdu. Bu da hər iki ölkə liderinin birbaşa danışıqlar və müzakirələr aparmasını zəruri edirdi.

Ermənistanın Qərbə yönəlməsi və ABŞ-la aktiv əməkdaşlığı gücləndirmək təşəbbüsləri İranla planlaşdırılmış layihələrin icrasını yavaşladırdı. Əməkdaşlığın yenidən aktiv fazaya gətirilməsi, gündəmin təzələnməsi bu səfəri İran üçün ehtiyac halına gətirirdi.

Digər bir məqam isə İranın açıq şəkildə regionda, xüsusilə təhlükəsizliklə bağlı üçüncü qüvvələrin olmaması ilə bağlı yanaşmasıdır ki, Ermənistanla bu istiqamətdə müzakirələrin aparılması olduqca realdır. Lakin Ermənistandakı Avropa İttifaqının missiyasının məqsəd və fəaliyyəti, həmçinin ABŞ-ın Ermənistanla birgə son illərdə aktiv şəkildə təlimlər keçməsi, hərbiçilər göndərməsi görünür, İranı ciddi şəkildə narahat etmir. Çünki əsas düşmən obrazında təqdim etdiyi ABŞ-ın artıq İranla sərhəd ölkədə yerləşməsi üçün zəmin hazırlanır. Görünür, görüşdə qeyd olunan anlaşılmazlıqlar izah olunub ki, bu da qarşı tərəfdə narahatlıqları azaldıb.

Görüşdə əsasən, İranın təşvişlərinin gündəmə gətirildiyini nəzərə alsaq, Tehran regiona Ermənistan vasitəsilə gətirilən xarici güclərin hərbi, siyasi və iqtisadi iştirakının artmasından narahatdır ki, bu, zamanla İranın hərtərəfli nüfuzunun itirilmasına gətirib çıxara bilər. Bütün bunlar isə İran üçün təhlükəsizlik riski kimi dəyərləndirilir. Ola bilər ki, Ermənistan İrana bu narahatlıqların aradan qaldırılması üçün zəmanət verib, lakin İrəvanın bu vədlərinin nə qədər real olmasını zaman göstərəcək. Reallıq isə ondan ibarətdir ki, ABŞ Ermənistan vasitəsilə regionda hərbi, siyasi və iqtisadi mövcudluq yaratmağa çalışır, təzyiq mexanizmləri formalaşdırır".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə